Fransa prezidenti Emmanuel Makron Fransaya gələrkən saxlanılan və daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Telegram-ın qurucusu Pavel Durovu ölkəyə dəvət etməsi ilə bağlı iddiaları təkzib edib.
News24.az xəbər verir ki, rəsmi görüşlər üçün Serbiyanın paytaxtı Belqradda olan Makron, Fransada məhkəmə prosesi davam edən Telegram-ın qurucusu Durovla bağlı dünən mətbuata açıqlama verib.
Durovun Fransaya səfər edəcəyindən qətiyyən xəbərinin olmadığını bildirən Makron, onu Yelisey sarayında şam yeməyinə dəvət etdiyini söyləməyin yanlış olacağını qeyd edib.
Xatırladaq ki, Makron 2021-ci ildə Durova Fransa vətəndaşlığı verilməsi qərarını da müdafiə edərək bunun “fransız dilini öyrənən” və “dünyada nüfuzlu” beynəlxalq şəxsiyyətlərə vətəndaşlıq verilməsi strategiyasının nəticəsi olduğunu bildirib.
Günel Məlikzadə