Polşada sərhəd xidmətçilərinin və əsgərlərin, o cümlədən sərhədi mühafizə edərkən silahdan istifadə qaydalarını sadələşdirən qanun qüvvəyə minib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.
“Şənbə günü əsgərlərin və sərhəd xidməti əməkdaşlarının fəaliyyətini dəstəkləyən qanun qüvvəyə minib. Bundan sonra onlar silahla həyata, sağlamlığa və ya azadlığa birbaşa hücumu dəf edərlərsə, cinayət məsuliyyətinə cəlb edilməyəcəklər”, - məlumatda deyilir.
Əsgərlərə və sərhəd xidməti əməkdaşlarına dəstək haqqında qanun Polşa Cinayət Məcəlləsinə müəyyən şərtlər altında törədilən hərəkətlərə görə məsuliyyəti istisna edən maddə kimi əlavə ediləcək. Söhbət əsgərin və ya digər şəxsin həyatına, sağlamlığına və ya azadlığına bilavasitə hücumu dəf etmək üçün istifadə olunubsa, sərhədi mühafizə edən əsgər və ya sərhəd xidməti əməkdaşının silahdan və ya bilavasitə məcburetmə vasitələrindən istifadə etməsindən gedir.
Əsgər və ya zabit tərəfindən belə bir hərəkətin cinayət kimi tanınmaması şərti vəziyyətin dərhal tədbir görülməsini tələb edən hallar olmasıdır.
Qanunun müddəaları Polşa ərazisində sülh dövründə ordudan istifadə imkanını da nəzərdə tutur. Bundan əlavə, sülh dövründə ölkə ərazisində həyata keçirilən hərbi əməliyyat anlayışı da tətbiq edilir.
Polşa Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi iyulun 12-də Seym tərəfindən qəbul edilib və avqustun 15-də ölkə Prezidenti Anjey Duda tərəfindən imzalanıb.