AZ

Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib

"Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur".

Aznews.azxəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

"Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir", - A.Hacızadə vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır:

"Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil".

Seçilən
142
49
aznews.az

10Mənbələr