Taksi xidmətlərinin qiymətləri yüksələndən bəri insanlar sürücülərin qazanclarının da artdığını düşünür.
Amma Bizim.Media-ya danışan taksi sürücülərinin verdiyi məlumata görə, taksi xidməti göstərən şirkətlər sürücülərdən aldıqları faizlərin miqdarını qaldırıblar. Belə ki, əvvəllər sürücülər qazanclarının 17 faizini şirkətə ödəyirdisə, artıq 25 faizini ödəməli olur. Belə olduqda isə təbii ki, onların da qazancı azalır.
Şirkətlərin faizləri artırması nəyi dəyişəcək?
İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında belə halların iqtisadiyyata zərər vurduğunu deyib:
“Taksi qiymətlərinin bahalaşması, eyni zamanda taksi sürücülərindən alınan faizlərin artırılması ilə bağlı qərarları doğru hesab etmirəm. Xüsusilə də, işgüzar fəallığın stimullaşdırılmasına ehtiyac olduğunu nəzərə alsaq, daxili bazarın stimullaşdırılmasına ehtiyac var. Bu da ilk növbədə alıcılıq qabiliyyətinin, istehlakçılarda vəsaitlərin çoxalmasının zəruriliyini göstərir. Belə olan təqdirdə, vəsaitləri istehlakçılardan fiskal siyasətin sərtləşdirilməsi ilə müxtəlif istiqamətlər üzrə tariflərin, vergilərin, rüsumların artırılması hesabına büdcə daxilolmalarının artırılması məqsədi qoyulursa, bu uğursuz addımdır.
Çünki nəzərə almaq lazımdır ki, biz həmin vəsaitləri bazardan çəkirik. Bu da iqtisadi nöqteyi nəzərdən alıcılıq qabiliyyətinin azaldılması ilə insanların əllərində olan vəsaitlərin azalması nəticəsində iqtisadiyyata mənfi təsir göstərir”.
Bu durum taksi sürücülərinə necə təsir edir?
İqtisadçı bildirir ki, taksi qiymətləri ilə paralel faizlərin artırılması sosial baxımdan da arzu olunan deyil.
“Hər bir sosial-iqtisadi siyasət insanların sosial rifahının yüksəlməsinə xidmət etməlidir. Bu qərarlar isə əksinə insanların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Bu həm taksi sürücülərinə, həm də taksi xidmətlərindən istifadə edən istehlakçılara aiddir. İstər nəqliyyat xərcləri, istərsə də kommunal xərclər insanların aldıqları əməkhaqqı ilə uzlaşmalıdır. Əməkhaqqının kritik dərəcədə böyük hissəsi bu istiqamətlərə yönəlməməlidir”.
Taksi şirkətləri niyə faizi qaldırdılar?
Nəqliyyat eksperti Aslan Əsədov isə deyir ki, şirkətlər faizləri qaldırmağa məcbur qalıblar:
“Əvvəl şirkətlərin əlavə xərcləri olmurdu deyə, çox faiz tələb etmirdilər. Amma indi digər rüsumlar tətbiq olunur. İcazələrin alınması, rüsumların ödənməsi xərclərin çoxalmasına gətirib çıxardı. Şirkət öz xərclərini gəlir üzərində qurduğu üçün sürücülərdən tutulan faizləri 17-dən 25-ə qaldırdılar”.