AZ

"Avroliqadakı oyunlar bizim üçün daha çətin olacaq" - Qurban Qurbanov

"Fürsətdən istifadə edib "Zirə"nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə".

Teleqraf.com Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Zirə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbəni belə şərh edib:

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. "Zirə" bizdən bir gün az istirahət etdi. Daha dinamik, daha sürətli oyun ola bilərdi. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Oyun şəhərdən kənarda olsa da, bizə dəstək verdilər".

Q.Qurbanov Avropa Liqasındakı rəqiblər barədə tam məlumatlı olmadığını bildirib:

"Maraqlı formatdır. Pley-offsuz minimum 8 oyun keçirəcəyik. Sonra necə olacaq, onu zaman göstərəcək. Maraqlıdır. 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün isə daha çətin olacaq. Rəqibləri oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidir. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalarla qarşılaşacağıq. Sanki orada oynamağa layiqdirlər. Turnir ilk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək".

Baş məşqçi "Qarabağ"a UEFA-dan 8,6 milyon avro pul gəlib. Onu necə xərcləyəcəksiz?" sualını belə cavablandırıb:

"Pul elə qüvvədir ki, gəlir və tez də gedir. Futbol fəaliyyətinə baxsaq, böyük köməkdir. Amma bu klubun bütün problemlərini həll edir demək deyil. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdir. Çarter reysi var, oteli var, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdir. Amma ondan daha çox xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Pul "Qarabağ"dan başqa heç yerə getməyəcək. Heç bir narahatlığa səbəb yoxdur".

Q.Qurbanov hücumçuJuninyonun son matçlarda istəksiz görüməsi ilə bağlı da danışıb:

"Ola bilər. Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdır. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Futbolçu nə qədər uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki hazırlıq üzrə məşqçilərin. Digər tərəfdən, bəzən hansısa hədəfə çata bilməyəndə, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi. ÇL-də mərhələ keçməyimizi istəyirdi. Ola bilər ki, bu təsir etdi. Juninyonun potensialı var. Qarşıda daha yaxşı Juninyo görəcəyik və görməliyik də".

Q.Qurbanov bu gün debüt matçında qol vuran yeni transfer Emmanuel Addai haqda da fikir bildirib:

"Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. Addainin ilk oyunu idi. Son 3 ayda ilk oyununa çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə iştirak etmişdi. Bir matçda da 60 dəqiqə oynamışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım".

"Qarabağ" ın çalışdırıcısı Avropa Liqasındakı rəqibləri "Tottenhem"in oyununu canlı izləmək üçün İngiltərəyə getmək istəyini deyib:

"Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadır. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. "Tottenhem" güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm".

Q.Qurbanov onu da qeyd edib ki, Avropa Liqasında "Tottenhem" və ya "Olimpiakos"la görüşlərin Bakıda olması azarkeşlər üçün xoş olardı:

"Bəlkə, saniyə olaraq beynimə gəlib-gedir ki, evdə oynasaq daha yaxşı olardı. Özüm üçün yox, azarkeşlər üçün. Ulduz futbolçuları canlı görərdilər. Belə oyunlarda təcrübə toplamaq, böyük futbolu hiss etmək faydalıdır. Bu haqda çox da düşünmürəm. Belə olubsa, demək, belə də olmalı idi".


Müəllif: Teleqraf.com
Seçilən
127
50
teleqraf.com

10Mənbələr