"Fransa beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edir, müstəmləkə siyasətini qanuniləşdirməyə çalışır".
APA-nın məlumatına görə, bu fikirləri Qəmər Adaları İttifaqının Birləşmiş Millətlər Təşkilatında sabiq səfiri Mohamed Toihiri Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda deyib.
O bildirib ki, bu siyasətin tərkib hissəsi olaraq rəsmi Paris bölgədə bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərib:
"Qəmər adalarının müstəqilliyi uğrunda 1976-cı ildə keçirilən sonuncu referendumda 74 faiz şəxs müstəqilliyin lehinə səs verdi. Nəticədə Qəmər adalarının müstəqilliyi elan edildi. Beləliklə Afrika İttifaqının Uqandada toplaşan Afrika Ölkələri İttifaqı bu ərazinin müstəqilliyini tanıdı. Daha sonra BMT-nin Təhlükəsizlik Şurası Qəmər adalarının müstəqilliyini tanıdı. Fransa isə BMT Təhlükəsizlik Şurasının müvafiq iclasında iştirak etmədi. Bundan sonra isə bu ölkənin hakimiyyəti adaların ərazisində bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərdi. Bütün beynəlxalq qətnamələrə baxmayaraq, Fransanın daha bir qeyri-qanuni əməli ondan ibarətdir ki, onlar BMT Təhlükəsizlik Şurasının qərarlarına açıq şəkildə hörmətsizlik edir, eləcə də özünün müstəmləkə siyasətini indi də qanuniləşdirməyə çalışır. Bu dövlətin həmin ərazilərdəki mövqeyini leqallaşdırmaq cəhdləri qeyri-qanunidir. Fransa özünün müstəmləkə ideyasını davam etdirməyə çalışır. Rəsmi Paris hələ də Qəmər adaları ətrafındakı dəniz sahəsinə nəzarəti davam etdirir. Fransa 1975-ci ildə orada qeyri-qanuni olaraq viza siyasətini həyata keçirməyə başladı. Bunda əsas məqsəd yerli xalqın hərəkətinin məhdudlaşdırılmasıdır. Hesab edirəm ki, Fransanın adaların ərazisindəki qeyri-qanuni mövcudluğunu dayandırması üçün beynəlxalq ictimaiyyət bu ölkəyə təzyiqləri artırmalıdır".