Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsindəki binaların birində qeydə alınıb.
İlkin məlumata görə, yanğın zamanı ikiotaqlı mənzilin mətbəx hissəsi yanıb. Hadisə nəticəsində binada yaşayan təxminən 35 nəfər sakin təxliyə edilib.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndərənləri cəlb olunub.
Yanğın qısa müddətə söndürülüb.
***
FHN də yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yunis Quliyev