Avtomobil istehsalçısı “Volkswagen” Almaniyadakı zavod və fabriklərini bağlamağı planlaşdırır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Volkswagen” idarə heyətinin son iclasında şirkətin tərkibindəki markaların hərtərəfli yenidən quruluşa ehtiyacı olduğu bildirilib.
“Volkswagen” Baş İcraçı Direktoru (CEO) Tomas Şefer Almaniyanın iş yeri olaraq rəqabət qabiliyyətində gerilədiyini deyib:
“İqtisadi mühit çox çətinləşib. Avropa avtomobil bazarında yeni rəqiblər var. Almaniya iş yeri olaraq rəqabət qabiliyyətində geriləyib. Xərcləri azaldaraq qənaət etmək üçün daha çox iş görülməlidir”.
Xatırladaq ki, Şirkətin 17 Avropa ölkəsində, Amerika, Asiya və Afrikada 10 ölkədə 114 istehsal müəssisəsində 650 min nəfər işləyir. Almaniyada isə işçi sayı təxminən 300 min nəfər təşkil edir. Şirkət 2026-cı ilə qədər 10 milyard avroya qədər qənaət etmək və xərcləri azaltmaq məqsədilə işçilərin maaşını 20% azaltmağı da düşünür.
Aygün Mirakif,
KONKRET.az