AZ

Teatrların yeni mövsümü: köhnə hamam, köhnə tas…

Ölkənin “ana teatrı” bu dəfə də mövsümü İlyas Əfəndiyevin pyesi ilə açır, Opera və Balet Teatrında isə 2 ildir təmir gedir
Sentyabr ayından etibarən teatrlar 115-ci mövsümü açıq elan ediblər. Bəs yeni mövsümdə teatrlar yeni, yoxsa ənənəvi köhnə repertuarla tamaşaçıların qarşısına çıxacaq?  Ölkənin “ana teatrı” sayılan Akademik Milli Dram Teatrının repertuarına nəzər yetirəndə aydın olur ki, teatr illərin ənənəsinə sadiq qalaraq bu dəfə də mövsümü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında yazılmış “Qarabağnamə” əsəri ilə açır.
Sentyabrın 8-də təqdim olunacaq tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, səhnə alan aktyorlar Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Kazım Abdullayev və digərləridir. Beləliklə, illərdir ana teatr yeni mövsümü eyni əsərlə açır. Qarabağ işğal altında olanda da, işğaldan azad ediləndə də. Eyni əsər, eyni aktyor və aktrisalar, eyni estetika, eyni ritorika.
Xatırladaq ki, əsər XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Əlbəttə ki, İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri bütün dövrlər üçün aktualdır, möhtəşəmdir. Amma nədənsə teatr xadimləri bu cür klassik əsərləri yeni formatda qoymağa , təqdim etməyə tələsmirlər.
Bundan başqa, tamaşaçılar sentyabr ayında Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesini, Cavid Zeynallının “Şükriyyə”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz”, Anarın “Dantenin yubileyi” əsərini izləyəcəklər.
Yeni əsərlərə gəldikdə, teatrdan verilən məlumata görə, bu mövsümdə teatr 4 yeni tamaşa təqdim edəcək. Bunlar Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” tamaşası, Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq “Müharibə” tamaşası, uzun illərdən sonra Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq Cəfər Cabbarlının “Aydın” əsəri, məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır. 
Gənc Tamaşaçılar Teatrı isə bu il də mövsümü yeni tamaşa ilə açır. Belə ki, sentyabrın 21-də balacalar üçün yeni “Qaraca qız”, böyüklər üçün isə “Fiqaronun toyu” əsəri tamaşaçılara təqdim olunacaq. Sentyabr repertuarında uşaqlar üçün daha bir yeni “Tıq-tıq xanım”, həmçinin “Bremen musiqiçiləri”, “Qoğalın sərgüzəştləri”, böyüklər üçün “Tanrıya 14 məktub”, Anım Gününə həsr olunan, Ü.Heydərovanın “İnanıram”, “Şeyx Sənan”, “Leyli və Məcnun” əsərləri təqdim olunacaq.
Xatırladaq ki, teatr ötən il də mövsümü yeni, İlqar Fəhminin “Balaca kişilər” tamaşası ilə açmışdı.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümdə İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa, həmçinin “Cırtdan” nağılı əsasında Elşad Rəhimzadənin “Cırtdan” tamaşası hazırlanacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatr isə yeni mövsümü 18 sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaq. Dörd gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun”, “Ər və arvad”, “Arşın mal alan” tamaşaları nümayiş olunacaq. Həmçinin sentyabr repertuarında “Nəğməmə inan”, “Bəxtiyar” tamaşaları var. Teatrın mətbuat xidmətinin məlumatına görə yeni mövsümdə teatrda “Bir qalanın sirri”, “Əliqulu evlənir”, “Palata”, “Killerdən teleqram” və digər tamaşaların premyeralarına hazırlıq işləri görülür.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına gəldikdə, xatırladaq ki, artıq 2 ildir teatrın binasında əsaslı təmir və bərpa işləri aparılır. Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov bildirib ki, teatrda  müasir tamaşalar oynamaqdan ötrü səhnə əsaslı şəkildə təmir olunmalıdır.
“Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin. Əslində təmirin qısa müddətdə, lap elə yeni mövsümə qədər yekunlaşmasını biz də çox istəyirik. Amma indi gərək teatrımızı elə bərpa edək ki, bundan sonra uzun müddət rahat fəaliyyət göstərsin”, – deyə teatr direktoru qeyd edib. Onun sözlərinə görə, teatr binasının fasadı yenidən qurulub və damda iki yeni günbəz quraşdırılıb.
Teatrın binasında aparılan təmir işləri ilə əlaqədar opera tamaşaları Bakı Musiqi Akademiyasının opera studiyasının, eləcə də balet tamaşaları isə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirilir.
Teatr sentyabr ayı üçün repertuarını açıqlamasa da, internet resuslarında sentyabrın 26-da Heydər Əliyev Sarayında  F.Əmirovun 2 pərdəli “Min bir gecə” baletinin keçiriləcəyi ilə bağlı elanlar yerləşdirilib.
Hazırladı: Xalidə GƏRAY

Seçilən
137
50
arantv.az

10Mənbələr