AZ

Azərbaycanın müasir siyasi sistemi Ulu Öndərin adı ilə bağlıdır

Hər bir ölkənin həyatında dönüş nöqtələri olur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı Azərbaycanın həyatında belə dönüş nöqtələrindən biridir. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan durum hər kəsə məlumdur. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisəli təhlil edilməli, gənc nəsil müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, hazırkı Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin yaratdığı möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırır. Sabitlik təmin edildi, normal biznes mühiti yaradıldı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ulu Öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Ölkəmizin imzasının imzalar arasında xüsusi seçilməsi Ümummilli Liderin nüfuzunun təqdimatı idi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması da Heydər Əliyev siyasətinin təntənəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılması dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə, ümumxalq partiyasına çevrildi. Hazırda partiyanın sıralarında 700 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Reallıq budur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsası oldu. Yaradılan möhkəm təməl son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının davamlı uğurlarını şərtləndirir. Tarixi Zəfərə imza atan Azərbaycan ötən il suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyub. Cənab İlham Əliyev belə bir çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır.
Bu gün qalib, bütövləşən Azərbaycan yeni hədəflərə doğru addımlayır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə qayıdışı ilə başlanan inkişaf, tərəqqi yolu Azərbaycanın hər gününü tarixinə uğur səhifəsi kimi yazır. Qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar, Zəfərlər gözləyir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Seçilən
85
sesqazeti.az

1Mənbələr