Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib. Bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və "Dağlıq Qarabağ Muxtar Vilayəti", "ətraf rayonlar" kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: "BMT Nizamnaməsi ilə üzərinə düşən dekolonizasiya öhdəliklərini yerinə yetirməyən, neokolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".