Bakı, 5 sentyabr, AZƏRTAC
Haiti rəhbərliyi silahlı bandit dəstələr ilə mübarizə üçün bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Haitinin rəsmi qəzetində dərc olunub. Fövqəladə vəziyyət rejiminin ən azı bir ay qüvvədə olacağı bildirilir.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə ölkə prezidentinin sui-qəsd nəticəsində öldürülməsindən və dağıdıcı zəlzələdən sonra pisləşib. Bu il martın 1-də cinayətkarlıqla mübarizə üçün Haitiyə Keniyadan 1000 nəfərlik sülhməramlı kontingent göndərilməsi haqqında saziş imzalanıb.
Cinayətkar dəstələrin paytaxtın böyük hissəsinə və digər ərazilərə nəzarət etdiyi Haitidə tüğyan edən banditizm son bir il ərzində 8000-ə yaxın insanın ölümünə səbəb olub.