AZ

Azərbaycanın BRICS-ə üzvlüyü ölkəmizə faydalar verəcək? - ANALİZ

BRICS- 2 inkişaf etmiş (Rusiya və Çin) və 8 inkişaf etməkdə olan (Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya və Misir) ölkədən ibarət olan klubdur.

Klub 4 dövlət (Rusiya, Çin, Braziliya və Hindistan) tərəfindən yaradlıb və BRİC adlanıb. İlk zirvə toplantısı 2008-ci ildə baş tutub. İlk rəsmi sammiti 2009-cu ildə Yekaterinburqda keçirilib. 2010-cu ildə CAR da birliyə üzv oldu və təşkilat BRİCS adını aldı.

2023-cü ildə BRİCS üzvləri təşkilatı əhəmiyyətli dərəcədə genişləndirmək barədə razılığa gəldilər. 2024-cü il yanvarın 1-dən etibarən iştirakçıların sayı 2 dəfə artdı- daha 5 ölkə bloka qoşuldu: Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya və Misir.

Argentina da 2023-cü ildə BRİCS-ə qoşulmaq istəyirdi. Lakin 2023-cü ilin dekabrında ABŞ yönümlü anarxo-libertar siyasətçi Xavyer Miley prezident olduqdan sonra BRİCS-ə qoşulmaqdan imtina etdi.

Təşkilata üzv olmaq niyyətində olan və ya daxil olmaq arzusunu bildirən ölkələr çoxdur. Artıq Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Kuba, Honduras, İndoneziya, Qazaxıstan, Küveyt, Mərakeş, Nigeriya, Türkiyə, Fələstin, Seneqal, Tailand, Venesuela və Vyetnam üzvlük üçün müraciət edib. Azərbaycan da təşkilata üzv olmaq istəyir.

Qərb dövlətlərinin yaratdığı ədalətsiz beynəlxalq sistemə qarşı formalaşdırılan bu təşkilat əsasən iqtisadi yönümlü olsa da, getdikcə bütün sahələrdə vahid blok kimi özünü formalaşdırmağa çalışır.

BRİCS dünya əhalisinin təxminən 50%-ni təşkil edən və dünya iqtisadiyyatının təxminən 1/3-ni təşkil edən 10 dövləti birləşdirən qeyri-formal klubdur. Klub özünü iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq platforması kimi təqdim edir- o, dövlət başçılarının iqtisadi artımın sürətləndirilməsi, sosial sabitliyin təmin edilməsi və blokun dünya birliyində mövqelərinin möhkəmləndirilməsi imkanlarını müzakirə etdikləri illik sammitlər formatında fəaliyyət göstərir.

Təşkilat ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin (G-7) iqtisadiyyatlarının ümumi ölçüsündən yüksəkdir.

Bu ölkələr həm elmi-texnoloji imkanlar, həm ərazi və əhali bazası, həm də sərvətləri ilə dünya potensialının təxminən yarısını təşkil edir.

Braziliya. Cənubi Amerikada yerləşən, 220 milyon əhaliyə malik və dünyanın 11-ci ən böyük iqtisadiyyatı olan bir ölkə.

Rusiya. Ərazisinə görə ən böyük ölkə və 5 trilyonluq ÜDM-ə görə dünyanın 6-cı ən böyük iqtisadiyyatı. Əhalisi 150 milyona yaxındır. Dünya sərvətlərinin 40 faizə yaxınına sahibdir.

Hindistan. Dünyanın əhalisinə görə (1,5 milyard nəfər) ən böyük ölkəsi. ÜDM-ə görə 3-cü yeri tutur. Sürətlə inkişaf edən sənaye və böyük həcmdə artran istehsal həcminə malikdir.

Çin. Dünyanın ən böyük iqtisadiyyatı, əhalinin sayına görə (1,4 milyard) 2-cü, ərazisinə görə 3-cü ölkə. Planetin ən böyük ixracatçısı.

Cənubi Afrika. Qızıl və almaz yataqları da daxil olmaqla qiymətli təbii sərvətlərlə zəngin 62 milyon əhalisi olan Tropik Afrikanın ən inkişaf etmiş ölkəsi.

Yeni üzvlər. Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri BRİCS-in Afrika, Yaxın Şərq və Fars körfəzindəki mövcudluğunu genişləndirib. Beş ölkənin ümumi əhalisi 300 milyon nəfərdən çoxdur. Onların əsas sərvəti neft və qazdır. İranda isə əlavə olaraq digər sahələr də inkişaf edir.

2009-cu ildən etibarən BRİCS hər il iclaslar keçirir. Sammitə hazırda təşkilata sədrlik edən ölkə ev sahibliyi edir. Bu rol keçid xarakteri daşıyır- sədrlik edən ölkə hər il dəyişir. Sammitlərdə nümayəndə heyətlərinə adətən dövlət başçıları başçılıq edirlər. Hər belə görüşdən sonra iştirakçılar birgə bəyannamə qəbul edirlər.

Bu tədbirlərdə BRİCS üzvləri cari iqtisadi və siyasi məsələləri müzakirə edir, regional problemləri araşdırır, yeni ticarət əlaqələri inkişaf etdirir və bloka daxil olmayan ölkələrin nümayəndələri də daxil olmaqla əlaqələr qurur. Məsələn, 2023-cü ildə Cənubi Afrikada keçiriləcək sammitə təkcə Afrikadan 30 dövlət başçısı dəvət olunmuşdu.

2014-cü ildə klub ölkələri öz banklarını işə salmağa razılaşdılar və fövqəladə likvidliyi qorumaq üçün 100 milyard dollar tutumlu şərti valyuta ehtiyatlarının ümumi hovuzunu yaratdılar.

BRİCS nümayəndələri dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərdən əlavə, nazirlər səviyyəsində və ondan aşağı səviyyədə çoxlu görüşlər keçirirlər. Blok daxilində yaşıl iqtisadiyyat, innovasiya və ya informasiya təhlükəsizliyi kimi müxtəlif sahələr üzrə sammitdə qarşıya qoyulan vəzifələri həll edən onlarla qrup və birlik var. Biznes və elmi şuralar, bələdiyyə və parlament forumları var. 2023-cü ildə BRİCS üzvlərinin “elm, texnologiya və səhiyyə sahəsində ciddi irəliləyiş əldə etdiyi” 200-dən çox tədbir keçirilib.

Ümumiyyətlə, BRİCS ölkələrinin hökumətləri müxtəlif beynəlxalq məsələlərdə vahid mövqe formalaşdırmağa çalışırlar.

İqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti, yəni ölkələrdə hökm sürən qiymətləri də nəzərə alsaq, onda BRİCS bir neçə il əvvəl G7-ni ötüb. G7-nin qlobal iqtisadiyyatdakı payı 40 il əvvəl 50%-i ötmüşdüsə, 2022-ci ilə qədər bu rəqəm 30%-ə düşüb.

2018-ci ildə Rusiyada Valday Klubunun iclasında vahid valyutanın tətbiqi ideyası formalaşdırıldı. BRİCS ölkələri BVF-nin xüsusi borclanma hüququ prinsipi əsasında işləyəcək öz milli valyutalarından ibarət səbət yaratmalı idilər. Yeni valyuta R5 adlandırılmalı idi- BRİCS ölkələrinin milli valyutalarının ilk hərflərindən sonra: real - Braziliya realı, rubl - Rusiya rublu, rupi - Hindistan rupisi, renminbi - Çin yuanı, rand - Cənubi Afrika randı. Amma bu istiqamətdə ciddi irəliləyiş hələ də yoxdur.

İndi BRICS üzvləri milli sistemləri birləşdirməli olan BRICS Pay adlı öz ödəniş sistemini inkişaf etdirirlər. Sistemin 2025-ci ildə istifadəyə veriləcəyi ehtimal olunur.

Platforma işləyərsə, o, dövlətlər arasında ödənişləri sadələşdirəcək və onların beynəlxalq ödənişlər vasitəsi olmaqda davam edən dollardan asılılığını azaldacaq.

BRİCS ölkələri arasında qarşılıqlı hesablaşmalarda valyuta ilə bağlı bütün söhbətlər bu və ya digər şəkildə de-dollarizasiya prosesi ilə bağlıdır. Klub üzvləri tədricən dollardan imtina etməyi və milli valyutalara keçməyi hədəfləyir. Məsələn, 2023-cü ildə BRİCS bankına üzv olan Misir Çin, Rusiya və Hindistandan idxal olunan malların ödənişini bu ölkələrin milli valyutaları ilə həyata keçirəcəyini açıqlayıb.

BRİCS klubunun ən mühüm nailiyyəti öz bankının fəaliyyətə başlamasıdır. Yeni İnkişaf Bankı 2014-cü ildə yaradılıb və baş ofisi Çində yerləşir. İndiyə qədər bank yalnız BRİCS ölkələrinə sərmayələr yatırır, lakin onun açılışında digər inkişaf etməkdə olan iqtisadiyyatlara sərmayə yatırmaq imkanını da müəyyən ediblər. Hətta hələ BRİCS-ə qoşulmayan ölkələr də Bankın üzvü olurlar: Misir və BƏƏ hələ kluba dəvət olunmamışdan əvvəl ona qoşulublar.

Fəaliyyət göstərdiyi müddətdə bank BRİCS-in 5 ölkəsində 96 layihənin həyata keçirilməsi üçün 33 milyard dollar məbləğində kredit verib. Pul əsasən su təchizatı və nəqliyyatla bağlı infrastruktur investisiyalarına yönəldilib.

BRİCS ölkələri işlərini qlobal iqtisadi tendensiyalara uyğun qurmağa çalışırlar. Xüsusilə, süni intellekt texnologiyalarının inkişafı sahəsində əməkdaşlıq mərkəzinin yaradılması imkanlarını nəzərdən keçirirlər. İştirakçı ölkələr üçün ümumi dərman anbarının yaradılması təklifləri var.

BRİCS ölkələrində 3,5 milyarddan çox insan yaşayır ki, bu da dünya əhalisinin demək olar ki, 45%-ni təşkil edir. Bu isə gələcək iqtisadi artım üçün güclü amildir.

Blok daxilində ticarətin artması potensialı yüksəkdir və illik artım tempi də adekvatdır.

2017-2022-ci illər arasında BRİCS-in ilk 5 üzvü arasında ticarət dövriyyəsi 56% artaraq 422 milyard dollara çatıb.

2018-ci illə ilə müqayisədə Çinin digər BRİCS ölkələri ilə ticarəti 2 dəfə artıb.

2023-cü ildə Rusiya ilə BRİKS ölkələri arasında ticarət həcmi 300 milyard dollara yaxın olub və bu ilin ilk 5 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb.

Hindistanın blok üzvləri ilə ticarətində də təxminən bu səviyyədə artımlar olub.

Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ və İran əsas neft ixracatçılarından olduğuna görə BRİCS enerji bazarında əhəmiyyətini kəskin şəkildə artırır və dünya hasilatındakı payını 41%-ə çatdırıb.

Ümumiyyətlə, müxtəlif təbii sərvətlərin böyük ehtiyatları blok ölkələrinin gələcək iqtisadi yüksəlişi və imkanlarının artırılması, o cümlədən de-dollarizasiya məsələsində böyük potensial yaradır. Məsələn, Səudiyyə Ərəbistanı 2023-cü ildə neftə görə ödənişlərdə təkcə dolları deyil, digər valyutaları da qəbul etməyə hazır olduğunu açıqladı.

BRİCS getdikcə dünya miqyasında nüfuzunu artırır. Bu il kluba sədrlik edən Rusiya prezidenti daha 30-a yaxın ölkənin bu və ya digər formatda təşkilatın işinə qoşulmağa hazır olduğunu bildirib.

Bir neçə gün əvvəl Türkiyə də bloka üzv olmaq üçün rəsmi müraciət edib və oktyabr sammitində üzvlüyə qəbul olunacağı gözlənilir.

Azərbaycan isə bu yay Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən sammitində hər iki təşkilata üzv olmaq istədiyini bəyan edib. Ölkəmizin iqtisadi inkişafı, ticarət potensialı və beynəlxalq nəqliyyat dəhlizlərindən birində yerləşməsi bu bloka qoşulmanın böyük perspektivlər vəd etdiyinin qarantıdır.

Neft-qaz ixracını çıxmaqla Azərbaycanın ticarətinin çox böyük hissəsi Şərq ölkələri ilə bağlıdır- Rusiya, Çin, İran və sair. Bu ölkələrin də çoxu BRİCS üzvüdür və getdikcə də üzvlərin sayı artacaq. Son vaxtlar Çin, Rusiya və İran şirkətlərinin ölkəmizə investisiya qoyması və yeni zavod və fabriklərin tikilməsi iqtisadi inkişafımız üçün faydalıdır.

Əgər iqtisadçı analitiklər getdikcə BRİCS-in dünyanın daha çox ölkəsini birləşdirəcəyini, ABŞ və Qərbi Avropa dövlətləri tərəfindən qurulmuş ədalətsiz qlobal maliyyə-iqtisadi sistemin çökəcəyini proqnozlaşdırır. Dollar-bank-birja fırıldaqlarıü zərində qurulmuş saxta qlobal sistem 3-cü dünya ölkələrinin sərvətlərinin talanması və bütün sərvətin bir neçə qərb dövlətinə daşınmasını təmin edir. Getdikcə daha çox ölkə bu talandan bezib və alternativ sistemin yaradılmasını, ədalətli qlobal əməkdaşlıq platformasının qurulmasını istəyir.

Bütün bunlar onu göstərir ki, tezliklə dünyada çox ciddi dəyişikliklər olacaq, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə. Azərbaycanda da qlobal və geosiyasi dəyişikliklərdə öz layiqli yerini tutmalıdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
133
sesqazeti.az

1Mənbələr