“ABŞ siyasətində, adətən, belə bir praktika qəbul olunub ki, respublikaçılar hakimiyyətə gələndə siyasət bir az sərtləşir, çünki bunlar sağ-mərkəzçilərdir. Demokratlar hakimiyyətə gələndə isə siyasət bir az yumşalır, ona görə ki, onlar da sol-mərkəzçilərdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.
Analitik Rusiya prezidenti Vladimir Putinin bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində demokratların vahid namizədi Kamala Harrisə dəstəyini ifadə edəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
M. Zülfüqarlıya görə, müəyyən mənada bu məsələni düz hesab etmək olsa da, ABŞ-nin öz strategiyası var və demokratın, yaxud respublikaçının hakimiyyətdə olmasından asılı olmayaraq, onların strategiyaları, əsasən, üst-üstə düşür.
“İndi Rusiya prezidenti Vladimir Putinin böhran keçirdiyi və dünyadan təcrid olunmuş bir dövrdə ABŞ seçkilərində demokratların vahid namizədi Kamala Harrisi dəstəkləyəcəyini söyləməsini ciddi qəbul etmək olmaz. Çünki Amerika siyasətçiləri həm demokratı, həm də respublikaçısı ilə Putinə nifrət edirlər. Biz bilirik ki, Ukraynada oğurlanmış uşaqlara görə Putinə cinayət işi açılıb və onu həm də cinayətkar kimi qəbul edirlər”.
“Lakin Putin hələ də özünəməxsus bir manevr edir və böyük bir dövlətin prezidenti kimi öz rəyini bildirir. Birincisi, bu ABŞ-nin daxilinə qarışmaqdır və dünyanın başqa ölkələrində keçirilən seçkilərdə də olub ki, hansısa dövlət başqa dövlətin daxili işinə qarışıb seçkilərə müdaxilə edib. Amma ABŞ-nin seçki sistemində bu, mümkün olan bir şey deyil”, – o, əlavə edib.
“Hesab edirəm ki, ABŞ-də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Rusiyaya münasibət dəyişməyəcək. Məqsəd Rusiyadakı avtoritar rejimi tədricən çökdürüb aradan qaldırmaqdır ki, bu da bütün dünyanın xeyrinədir. Ona görə də Putinin hansısa fikirləri söyləməsinə elə də ciddi əhəmiyyət vermək lazım deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov