Bakıda bir neçə mənzili ayrı-ayrı vətəndaşa sataraq dələduzluq etməkdə təqsirləndirilən Elgiz İsmayılovun cinayət işinin üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Fuad Musayev işin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını istəyib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində 16 nəfər tanınıb.
Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, “Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli