Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılır.
AZƏRTAC xəbər verir ki, COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin olunması məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29 yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq, portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.
Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların əvvəlcə UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.
COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta