ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınmada günahını etiraf etmək niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə NBC telekanalı müttəhimin vəkili Ebbi Louelə istinadən məlumat yayıb.
Cümə axşamı Kaliforniya Mərkəzi Dairəsinin federal məhkəməsində iş başlayıb. NBC-nin qeyd etdiyi kimi, dinləmədən əvvəl Hanter Baydenin vəkilləri prokurorluq nümayəndələri ilə görüşüblər. Təqsirləndirilən şəxsin ədalət mühakiməsi ilə bağlı mümkün sövdələşmənin hansı şərtləri ilə razılaşdığı və hakimin bunu təsdiqləmək niyyətində olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, 2023-cü il dekabrın əvvəlində Hanter Bayden doqquz vergidən yayınma ittihamı ilə ittiham edilib. Prokurorlar hesab edirlər ki, prezidentin oğlu vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Onun 17 ilə qədər azadlıqdan məhrum edilə biləcəyi bildirilir.(APA)