“Hazırda Venesiyada kinofestival keçirilir və Azərbaycanı tədbirdə Kino Agentliyi təmsil edir. Kino Agentliyinin rəsmi feysbuk səhifəsində, həmçinin, saytlarda festivalda iştirakla yayılan informasiyada manipulyativ məqamlar var və belə başa düşürəm ki, bu, təcrübəli jurnalist Orxan Fikrətoğludan qaynaqlanır.”
Bakupost.az xəbər verir ki, bunu kinotənqidçi Sevda Sultanova qeyd edib.
Onun sözlərinə görə, oxucular və festivallar haqda detallı bilgiləri olmayan saytlar (mədəniyyət üzrə müxbirlər) asanlıqla tələyə salırlar:
“Saytlarda yayılan məlumatda deyilir: "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir".
Birinci cümlədəki "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq" hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları (mədəniyyət üzrə müxbirləri) asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalına qatılır və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: "Filmlərimiz ilk dəfə Venesiya festivalında"
Venesiya festivalında Əsas müsabiqə, Horizontlar, Qısametrajlı filmlər müsabiqəsi, Müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini (eksperimental işlər, janr filmləri, arthauslar və s nümayiş olunur) və digər proqramlar var. Bəs bizim filmlər hansı proqramdadır? Təbii ki, əsas müsabiqədə, Horizontlarda, hətta Qısa film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə müsabiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb.
ARKA nın rəsmi səhifəsində isə belə yazılır: "Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub" (??). Yenə "ilk dəfə" sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Yəqin ki, Orxan müəllim İlqar Nəcəfin "Quşlar susanda" layihəsini film kimi sırıyır və yumşaq desək, bizi ələ salır. Məlumatda daha sonra yazılır:
"Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Niyə məhz "Quşlar susanda" layihəsi xüsusi vurğulanır? Və Orxan müəllim festivalda hansı prodüserlərlə görüşüb? Bu barədə heç bir məlumat verilmir”.
S. Sultaniva bildirib ki, Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun "Nabat"ı bu festivalın Horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb:
“Amma ARKA nın facebook səhifəsində bu faktlar qeyd olunmur, saytlarda isə yalnız Hilal Baydarovun iştirakı sanki qəsdən dilucu və qeyri dəqiq şəkildə yazılır:
"Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb". Cümləyə "ilk" sözü salınmır və "də" bağlayıcısı ilə Hilal Baydarovun iştirakı əhəmiyyətsizləşdirilir.
Əslində cümlə belə olmalıydı: "Qeyd edək ki, Azərbaycan kinosu tarixində ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi Venesiya Kino Festvalının əsas müsabiqə proqramında yer almışdı".
Orxan Fikrətoğlu bununla da kinoda öz rolunu əhəmiyyətini böyütmək istəyir və fikir formalaşdırmağa çalışır ki, məhz onun ARKA ya rəhbərliyi dövründə kinomuz ilk dəfə Venesiya festivalına qatılıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbərliyi də bilgisizlikdən və ya qeyri peşəkarlıqdan informasiyanı emal etmədən, yanlışları düzəltmədən yayır .P.S. Dostlar yadıma saldılar. Daha əvvəl, 2003-cü ildə Murad İbrahimbəyovun "Neft" filmi (Azərbaycan,Rusiya) Venesiya Kinsofestivalında ən yaxşı qısametrajlı filmə görə "Gümüş Şir" Mükafatını alıb”.
Elnur
BakuPost