ABŞ dolları dünyanın əsas aparıcı valyutasıdır. Bu, Vaşinqtona beynəlxalq səhnədə əhəmiyyətli üstünlük verir. Onun geosiyasi mövqeyini möhkəmləndirir, sanksiyalar tətbiq etməyə və maliyyə bazarlarına nəzarətə imkan verir. Bunun ən parlaq nümunələrdən biri Rusiya Mərkəzi Bankının 640 milyard dollar valyuta ehtiyatının təxminən yarısının dondurulması və ödəniş sisteminə çıxışın məhdudlaşdırılmasıdır. Dolların belə bir təsir alətinə çevrilməsi isə onun etibarlı və təhlükəsiz valyuta kimi reputasiyasına xələl gətirir. Bütün bunlar bir çox ölkələri alternativlər axtarmağa məcbur edir. Bu istiqamətdə ən fəal olanlar BRICS-ə üzv ölkələrdir. Hazırda onların əsas səyləri dolların və SWIFT kimi ödəniş sistemlərinin hökmranlığını zəiflətməyə yönəlib.
Bu sahədə ən fəallar isə Rusiya və Çindir. Moskva və Pekinin ABŞ-la gərgin münasibətləri var. Bu kontekstdə hər iki ölkə öz iqtisadiyyatlarını dolların təsirindən qorumağa çalışır. Qərb ölkələrindən tam müstəqil olacaq yeni ödəniş sisteminin yaradılması üzərində işləyirlər. Daxil olan məlumatlara görə, bu sistem blokçeyn texnologiyasına və rəqəmsal valyutalara əsaslanır. Üstəlik, mövcud Qərb analoqlarından fərqli olaraq, mərkəzləşdirilməmiş olacaq. Bu barədə “Vaşinqton tayms” qəzeti yazıb: “Ənənəvi ödəniş şəbəkələri tez-tez yüksək komissiyalar və vasitəçilərin iştirakı ilə əlaqələndirilir ki, bu da əlavə xərclər yaradır. Lakin mərkəzləşdirilməmiş sistem bu xərcləri əhəmiyyətli dərəcədə azalda bilər".
Bu yaxınlarda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir sistemin tezliklə mümkünlüyünə eyham vurub. Kremlin Qərb maliyyə institutlarından müstəqil ödəniş mexanizmi yaratmaqda maraqlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, BRICS ölkələri üçün vahid ödəniş sisteminin yaradılmasının vaxtı çatıb. Artıq bu iştiqamətdə müəyyən uğurlar da əldə olunub. Almaniyanın “Merkur” nəşri yazıb: “Çin və Rusiya kimi güclü ölkələr maliyyə bazarında köklü dəyişikliklər planlaşdırır. Onlar dollardan nə qədər az asılı olsalar, iqtisadiyyatları sanksiyalara bir o qədər davamlı olacaq. Bu səylər çərçivəsində ötən il BRICS ölkələri Qərbin nəzarətində olan SWIFT sisteminə alternativ olacaq öz ödəniş sistemini hazırladıqlarını elan ediblər. Yeni sistemin köməyi ilə Rusiya, Çin və tərəfdaşları ABŞ-dan asılı olmayaraq ticarət və maliyyə əməliyyatlarını həyata keçirə biləcəklər. Qurumun vahid valyuta yaratmaq və ticarət əməliyyatlarında ondan istifadə etmək planları da dolların təməlini dağıdacaq ”.
Bundan başqa, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları qlobal bazara çıxaracaq. Yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları dollarla deyil, yerli valyutalarla almaq mümkün olacaq.
İstiqrazların buraxılması planı BRICS-in dollarsızlaşma (de-dollarizasiya) təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə ABŞ valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir.
BRICS öz ödəniş sistemlərini yaratmaqla yanaşı, istiqrazlar buraxmaq və kriptovalyutaların tətbiqi ilə də dollarsızlaşmada uğur qazanacaq”.
Nəşrin yazdığına görə, BRICS üzvlərinin təşviq etdiyi dollarsızlaşma Qərbin hökmranlığına son qoymağın bir yoludur. “Yaxın gələcəkdə BRICS ödəniş sistemi reallığa çevrilə bilər. Bu baş verəndə çoxqütblü qlobal iqtisadiyyatın yaradılmasının yolu açıq olacaq. Hazırda bu təşəbbüs bütün dünyada geniş dəstək alır. 159 ölkə yeni maliyyə sisteminə qoşulmağa hazırdır, onların bir çoxu bu və ya digər şəkildə kriptovalyutalardan istifadə edir”.
ABŞ belə bir sistemin tətbiqi ilə meydana çıxacaq nəticələrdən narahatlığını ifadə edib. Çünki bu, ilk növbədə, beynəlxalq ödənişlərdə dolların rolunun azalmasına səbəb ola bilər. Ölkələr ABŞ valyutasından daha az istifadə edəcək ki, bu da onun dünya bazarlarına təsirinin azalması deməkdir: “BRICS ölkələri kriptovalyutalardan istifadəni qəbul etdikcə, qlobal ticarətdə ABŞ dollarının hegemonluğu zəifləyəcək. Qurumun ödəniş sisteminin uğurlu fəaliyyəti Qərbin hökmranlığına meydan oxuyaraq beynəlxalq maliyyədə güc balansını dəyişə bilər”, – “Vaşinqton tayms” qəzeti məlumat yayıb.
Ağ evin milli valyutadan siyasi təzyiq rıçaqı kimi istifadə etmək istəyi həm də onun Valyuta Ehtiyatlarının Strukturunda mövqeyinə təsir edir. Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl qeyd etdiyi kimi, rəqiblərə təsir etmək cəhdləri ABŞ üçün strateji səhvə çevrilir. Bu, dolların Valyuta Ehtiyatlarının Strukturunda mövqeyinin itirilməsinə səbəb olur. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2000-ci ildə ABŞ valyutası dünya valyuta ehtiyatlarının 72 faizdən çoxunu təşkil edirdisə, 2023-cü ildə onun payı son 28 ildə ilk dəfə olaraq 58,41 faizdən aşağı düşüb. Hətta ABŞ-nin müttəfiqləri arasında da dollar ehtiyatları azalır. Bunun nəticəsidir ki, beynəlxalq valyuta ehtiyatlarının strukturunda digər valyutaların payı artır. Məsələn, hazırda mərkəzi bankların valyuta ehtiyatlarında avro - 21 faiz, Britaniya funtu - 4,62, Yapon yeni - 5,70, İsveçrə frankı - 0,2, digər valyutalar - 8,1, o cümlədən yuanın payı - 1,96 faiz təşkil edib.
Bəzi analitiklərin fikrincə, dolların mövqeyinin zəifləməsi bir tərəfdən BRICS-in fəaliyyəti ilə bağlıdırsa, digər tərəfdən dolların təsirindən xilas olmaq istəyən mərkəzi bankların beynəlxalq əməliyyatlarda digər valyutalardan istifadəsi ilə əlaqəlidir. Bu rəqəmlər rəqabət şəraitində ABŞ dollarının qlobal iqtisadiyyatda rolunun azalmasını əks etdirir. Bundan başqa, bir çox investorları ABŞ-nin büdcəsi və dövlət borcu ətrafında yaranmış vəziyyət narahat edir. Bu barədə “Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakova məlumat verib. Onun sözlərinə görə, ABŞ artan büdcə kəsirini ödəmək üçün daha çox borc götürməli olur. Belə bir şəraitdə, ABŞ dolları populyar valyuta kimi saxlamaq üçün faiz dərəcələrini artırmağa məcburdur. Yüksələn faiz dərəcələri isə dövlət borclarını bahalaşdırır, sənaye və ticarəti, xüsusən də ABŞ iqtisadiyyatının əsaslandığı ipoteka sistemini dayanıqsız edir. İndi ABŞ-nin dövlət borcu 34,6 trilyon dollara yaxınlaşır və bu il hakimiyyət ilk dəfə onun xidmətinə daha çox pul xərcləyəcək. Bunlar investorlarda dollara qarşı inamsızlıq yaradır.
Qeyd edək ki, xarici mətbuat BRICS ölkələrinin yeni ödəniş sistemi yaratmaq imkanlarını kifayət qədər diqqətlə izləyir. Baxmayaraq ki, bu proses sürətli deyil, çünki bu həm də qurumun iştirakçısı olan bütün dövlətlər arasında razılaşma tələb edir.
Pünhan ƏFƏNDİYEV
XQ