AZ

Serbiya Prezidenti Putinin dəvətini rədd etdi – Vuçiç BRİKS-ə niyə qatılmır?

Serbiya Prezidenti Aleksandar Vuçiç Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə getməyəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun yaydığı məlumatda deyilir. Vuçiç imtinasını onunla izah edib ki, həmin vaxt Serbiyaya “xaricdən önəmli qonaqlar gələcək”.

Qeyd edək ki, bundan öncə Putinin köməkçisi Yuri Uşakovun dediyinə görə, indiyədək Kazana dəvət olunmuş 36 xarici liderdən 18-i sammitdə iştirakını təsdiqləyib, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da. Tədbirdə Boliviya Prezidenti Luis Orsay, Monqolustan Prezidenti Uxnaqiyn Xurelsux və Belarus Prezidenti Aleksandr Lukaşenko da iştirak edəcək.

Bu il Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Səudiyyə Ərəbistanı və Efiopiyanın da daxil olduğu BRİKS-ə Rusiya sədrlik edir.

Sentyabrın 4-də Putin Vuçiçi blokun Kazanda keçiriləcək sammitində gözlədiyini deyib: “Biz ona dəvət göndərdik. Ümid edirəm ki, cənab prezident bundan yararlanacaq”. Lakin göründüyü kimi, Vuçiç bu dəvəti rədd edib.

Bundan əvvəl Avropa İttifaqı bəyanat yaymışdı ki, “Ukraynaya qarşı işğalçılıq müharibəsi zamanı Rusiya ilə əlaqələri saxlamaq Aİ dəyərləri və Birliyə üzvlük prosesi ilə bir araya sığmır”. Serbiya isə 2012-ci ildən Aİ üzvlüyünə namizəddir.

Avqustun 31-də Vuçiç Ukraynada müharibə başlayandan bəri Putinlə əlaqə saxlamadığını deyib. Həmçinin, Serbiya rəsmən Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

“AzPolitika.info”

Seçilən
101
1
azpolitika.info

1Mənbələr