AZ

Təmiz ətraf mühit hüququ ilə bağlı qərarların qəbulunda məhkəmələr mühüm rol oynayır - IAJ-nin prezidenti

Təmiz ətraf mühit hüququ və onun qorunması üçün mexanizmlərlə bağlı qərarların qəbulunda məhkəmələr əsas rol oynayır.

Day.Az xəbər verir ki, bu barədə Beynəlxalq məhkəmələr assosiasiyasının (IAJ) prezidenti Duro Sessa beynəlxalq "Hüquq və İqlim" konfransının kuluarlarında jurnalistlərə bildirib.

"Bugünkü konfrans mühüm bir hadisədir və cəmiyyət üçün yeni bir məsələ qaldırıb. Müzakirələrin mərkəzində təmiz ətraf mühit hüququ və onun qorunması üçün mexanizmlər durur. Bu məsələlər yaxın vaxtlara qədər, əsasən, elmi müzakirələr çərçivəsində həll olunurdu. Lakin indi bu məsələlər məhkəmə praktikası səviyyəsinə çıxır. Konfrans bu hüququn konkret ölkələrdə necə həyata keçirilə biləcəyinə diqqət çəkir, çünki məhz məhkəmələr belə qərarların qəbulunda açar rolunu oynayır.

Amma reallıqda necədir? Təmiz ətraf mühit hüququnun qorunmasını necə təmin etmək olar? Hazırda bizdə əsasən Avropa İnsan Hüquqları Məhkəməsindən olan presedentlər var. Lakin cavab tələb edən suallar qalır. Əsas suallardan biri budur: təmiz ətraf mühit hüququ beynəlxalq insan hüququdur, yoxsa yalnız milli səviyyədə qorunur?", - o qeyd edib.

Sessa əlavə edib ki, ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır.

"Bu qlobal bir problemdir və bir çox ölkəni əhatə edir. Məncə, ən vacib sual budur: bu problemə yanaşmanın dəyişdirilməsi və yeni qorunma mexanizmlərinin inkişaf etdirilməsi üçün siyasi iradə olacaqmı? Çünki indi bütün dünya insanları bir narahatlıq yaşandığını anlayır. Hər kəs bunu görür, amma bir çoxu məsələni dərindən araşdırmaq istəmir və geri çəkilir", - o əlavə edib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə "Hüquq və iqlim" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri", "Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
day.az

2Mənbələr