Qulamhüseyn Əlibəyli: “Bu, Azərbaycan, Ermənistan və Türkiyə arasında ümumi razılaşma əsasında həll ediləsi bir məsələdir”
Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan təsdiqləyib ki, Ermənistanın Sünik vilayəti (Zəngəzur dəhlizi) vasitəsilə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə nəzarət özəl təhlükəsizlik agentliklərinə verilə bilər.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan bildirib ki, kommunikasiyaların mühafizəsini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək mümkündür.
“Bəli, baş nazir dedi ki, bu mümkündür. Hazırda əlavə məlumat yoxdur”, - nazir müavini deyib və qeyd edib ki, “belə olan halda özəl mühafizə şirkəti Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların bir hissəsini də qorumalıdır”. Onun sözlərinə görə, bu, ölkənin suverenliyi prinsipini pozmur. Səfəryan həmçinin qeyd edib ki, sərhəddə erməni sərhədçilər və gömrük işçiləri də olacaq.
Erməni rəsmisi deyir ki, özəl mühafizə şirkəti Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların bir hissəsini də qorumalıdır. Bu nə sərsəm yanaşmadır? Azərbaycan ərazisi niyə?
“Ölkəmizdə bir dövlətin hər hansı bir xidməti, hərbi və yaxud da mühafizə xidmətinin iştirakı qeyri-mümkündür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan hakimiyyəti hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasını ləngitməyə çalışır: “Bu, yəqin onunla əlaqədardır ki, sürətli silahlanma prosesi baş versin, Ermənistanın yeni dostları - ABŞ, Fransa hərbi cəhətdən Ermənistanda yerləşsin. Daha sonra müəyyən təxribatlar törətsinlər. O cümlədən, Zəngəzur dəhlizi ilə bağlı müəyyən təxribatlar törətsinlər. Bu, Ermənistanın uzunmüddətli strateji siyasətidir. Ermənistan müxtəlif bəhanələrlə bu siyasəti həyata keçirməyə çalışır. O ki qaldı Zəngəzur dəhlizinin təhlükəsizliyinin özəl mühafizə xidməti tərəfindən təmin edilməsinə, buna fərqli yanaşıram. Bu məsələdə hesab edirəm ki, ölkəmizdə bir dövlətin hər hansı bir xidməti, hərbi və yaxud da mühafizə xidmətinin iştirakı qeyri-mümkündür. Bu, əsasən Zəngəzur dəhlizinin subyektləri olan Azərbaycan, Ermənistan və Türkiyə arasında ümumi razılaşma əsasında həll ediləsi bir məsələdir. Özəl mühafizə şirkəti deyəndə yəqin ki, artıq ABŞ və yaxud da Avropa ölkələrindən olan hərbçilərdən yaradılmış müəyyən silahlı dəstələr nəzərdə tutulur. İddia olunursa ki, onlar Azərbaycan ərazisinə daxil olub mühafizə xidməti həyata keçirə bilər və bu, ölkəmizin suverenliyini pozmur, onda məsələnin əksini də qoymaq olar. Azərbaycanda da özəl mühafizə şirkəti yaradıla bilər və bütövlükdə Zəngəzur dəhlizinin nəzarətini həmin şirkətə həvalə etmək olar. Bir halda ki, suverenliyi pozmur, hesab edirəm Azərbaycanın da özəl mühafizə xidməti Ermənistan ərazisindən keçən hissədə mühafizəni həyata keçirə bilər. Bu da Ermənistanın suverenliyini pozmur. Ona görə də hesab edirəm ki, Azərbaycan məsələni məhz bu konteksdə qoymalıdır. Əgər Ermənistan tərəfindən özəl mühafizə şirkəti yaradılırsa, Azərbaycan tərəfindən də oxşar funksiyalı şirkət yaradılmalıdır. Yəni Ermənistan ərazisindən keçən dəhlizin müəyyən hissəsinə nəzarət etməlidir”.
Vidadi ORDAHALLI