“iPhone 16”nın daha baha ola biləcəyi gözlənilir – Səbəb
İnvestisiya firması “Piper Sandler”, “Apple Intelligence” süni intellekt sisteminin inteqrasiyası sayəsində “iPhone 16”ya yüksək tələbat və daha yüksək qiymətlər proqnozlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Analitiklərin fikrincə, yeni “Apple” modellərində süni intellektin olması dərhal olmasa da, satışlara kömək edəcək, çünki “Apple Intelligence” sistemi yeni “iPhone”ların buraxılışı ilə eyni vaxtda işə salınmayacaq. Bununla belə, cihazın satış sürəti gələcəkdə yavaşlaya bilər.
Hesabatda qeyd edilir ki, yeni smartfonlar inqilabi aparat həlləri təklif etməyəcək və süni intellektin inkişafına əhəmiyyətli sərmayələr səbəbindən “Apple” çox güman ki, öz cihazlarının qiymətlərini artırmağa məcbur olacaq ki, bu da flaqman satışlarının sonrakı artımını məhdudlaşdıra bilər.
Qeyd edək ki, “Apple”ın yeni “iPhone 16”, “Apple Watch 10 (X)” və “AirPods”un təqdim olunacağı “It's Glowtime” təqdimatı sentyabrın 9-da baş tutacaq.