AZ

Kriştiano Ronaldo hətta övladlarına uduzmağı da sevmir - MÜSAHİBƏ

Qocalmaq bilməyən Kriştiano Ronaldo o qədər də uğurlu keçirmədiyi Avropa çempionatının ardından yeni mövsümə fırtına kimi başlayıb.

“Qızıl top”un beşqat qalibi “Əl-Nəssr”in heyətində bu mövsüm keçirdiyi 4 rəsmi oyunun hamısında qol vurmağı bacarıb. Sonuncu dəfə avqustun 27-də Səudiyyə Ərəbistanı çempionatının 2-ci turunda “Əl-Fayha” ilə səfər oyununda cərimə zərbəsindən fərqlənən 39 yaşlı portuqaliyalı superulduz peşəkar karyerasında vurduğu qolların sayını 899-a çatdırdı! Məlum olduğu kimi, Ronaldo həm də bu yaxınlarda öz “yutub” səhifəsini açıb. “UR Cristiano” adlanan səhifə yarandığı gündən izləyici sayına görə bir neçə rekord qırdı. Avqustun 21-də yaradılan səhifənin artıq 50 milyondan çox izləyicisi var!

Ronaldo öz səhifəsində “Mançester Yunayted”də komanda yoldaşı olmuş Rio Ferdinanda müsahibə verib. O, AÇ-2024-də Portuqaliyanın və özünün performansından, hədəflərindən və başqa məqamlardan danışıb. Sözü verək Ferdinandla Ronaldoya.

- Səudiyyə Ərəbistanına yollanmaqla sənin üçün hər şey dəyişdi. Yeni ölkəyə uyğunlaşmaq baxımından səni ən çox çətinə salan nə oldu?
- Sənin də bildiyin kimi, həyatım çətinliklərlə dolu olub. 11 yaşımda evimi tərk edərək böyük şəhərə yollandım. Ona görə də budəfəki yeniliyə uyğunlaşmaq çətin olmadı. Çünki Madeyradan Lissabona, Lissabondan İngiltərəyə, İngiltərədən İspaniyaya, ordan İtaliyaya, sonra yenidən İngiltərəyə yollanmışam. Yəni bir yerdən başqa yerə köçmək sanki həyatımın bir hissəsinə çevrilib. Düzdü, buranın dini, havası bir qədər fərqlidi. Amma dünyada ideal ölkə yoxdu. Ona görə də burda olmaq xoşuma gəlir.

- Bəli, “dünyada ideal ölkə yoxdu” ifadəsini yerində səsləndirdin. Sən bura yollananda neqativ şərhləri oxuyarkən öz-özümə “bizim ölkədə hər şey bu dərəcədə yaxşıdımı, problemlərimiz yoxdumu” deyə sual verdim. Hər yerdə, hər kəsdə problem var. Sadəcə, bunun öhdəsindən gəlməyi bacarmaq lazımdı...
- Bəli, dediyim kimi, hər ölkənin mənfi cəhətləri var ki, bu da normaldı. Tam səmimi söyləyirəm ki, burda ailəmlə birlikdə özümü xoşbəxt hiss edirəm. Məsələn, Qırmızı dənizin sahili mənim üçün dünyada ən gözəl yerlərdən biridi. Oranın gözəlliyini sözlə ifadə etmək çətindi. Orda zaman keçirməyi sevirəm. Bundan başqa, burda “Alula” adlanan inanılmaz bir məkan var.

- Mən də orda olmuşam. Dostlarımla orda oteldə qalmışdıq. Oteldən bayıra açılan mənzərə o qədər gözəl idi ki, dostum hətta ağlamağa başlamışdı.
- Bəli, ora mənəvi məkandı. Ora ayaq basan kimi oranın enerjisini hiss etməyə başlayırsan. Yəni bu ölkədə hər şey var. Hətta qar da var. Ona görə də ailəm üçün də, mənim üçün də bura uyğunlaşmaq qətiyyən çətinlik yaratmadı.

- Bəs çempionatlar arasında hansı fərqlər var? İnsanlar buranın çempionatına ağız büzür...
- Bütün çempionatlar fərqlidi. Buranın çempionatına ağız büzən insanların böyük əksəriyyəti bu turniri yaxından tanımır. Hər çempionatım özünə görə çətinlikləri var. Amma burda oynayan başqa futbolçularla danışsan, onlar da sənə deyəcəklər ki, Səudiyyə Ərəbistanı liqası qətiyyən asan turnir deyil, tam fərqli özəllikləri var. Üstəlik hava da çox isti keçir. Burdakı oyunun səviyyəsinə ayaq uydurmaq asan deyil. Çempionat yaxşı səviyyədədi və ildən-ilə inkişaf edir. Şadam ki, buranın çempionatını dünya futboluna ən birinci mən tanıtmağa başladım.

- Həqiqətən də bura ən birinci gələn dünya səviyyəli ulduz sən oldun. Bu məqam üzərində təzyiq yaratdımı?
- Uşaq yaşlarımdan fərqli mentallığım olub. Həmişə özümə güvənmişəm. Tək futbolda yox, hər sahədə. Ona görə də bura gələrkən qətiyyən heç bir təzyiq hiss etmədim. Mənim aləmimdə təzyiq bilirsən nədi? Əsl təzyiqi müharibə şəraitində yaşayan insanlar hiss edir. Təzyiq müharibədə uşaqların tələf olduğunu görməkdi. Təzyiq insanların yemək tapa bilmədiyini, gecə yatarkən güllələrin onların başı üzərindən keçdiyini görməkdi. Əsl təzyiq məhz budu. Az öncə də qeyd etdiyimi kimi, evimi 11-12 yaşımda tərk etdim. Həmin vaxt az qala hər gün ağlayırdım. Burda özümü çox rahat hiss edirəm və bilirəm ki, hər oyunda səviyyəmi göstərmək iqtidarındayam. Başqa futbolçuların da məndən sonra bura gələcəyini bilirdim. Söhbət təkcə puldan getmir. Səudiyyə Ərəbistanında futbol mədəniyyətinin güclü olmasından xəbərdar idim. Daha öncə burda oynamış və çalışmış portuqaliyalı futbolçu, məşqçi dostlarım var idi. Açığı, bura axının bu dərəcədə tez olacağını gözləmirdim. Amma bilirdim ki, mənim gəlişimdən sonra buranın futbolu gec-tez dəyişməyə başlayacaq.

- Bir qədər AÇ-2024-dən danışaq. Artıq xeyli vaxt ötüb və hadisələri soyuq başla qiymətləndirə bilərik. Sloveniya ilə oyunda qaçırdığın penaltidən sonra göz yaşı axıtmağın birmənalı qarşılanmadı. O göz yaşlarının arxasında nə dayanırdı?
- Mən artıq belə şeylərə alışmışam. Kriştianonu tənqid edirsənsə, deməli, sən qəzetin birinci səhifəsindəsən. Mən dünyanın ən çox izlənilən futbolçusuyam. Məni bəyənənlər də var, bəyənməyənlər də. Bu, bizim işimizin bir parçasıdı. Suala gəlincə, ilk növbədə həmin epizodda Oblakın mükəmməl seyv etdiyini qeyd etməliyəm. Mənim ağlamağım isə Portuqaliyanın uduzmasına səbəbkar olmaq qorxusundan irəli gəlmirdi. Yəni dünya başıma töküldüyü üçün ağlamadım. Bu cür düşünənlər məni yaxşı tanımır. Təsəvvür edin, ardıcıl 27 penaltini dəqiq vuran adam bu dəfə penaltini qaçırdı. Təbii ki, özümü yaxşı hiss etmədim. Amma ağlamağım ilk növbədə stadionda olan fanatlarımızın, anamın, xanımımın, övadlarımın ümidlərini doğrultmamağımla bağlı idi. Yoxsa başqa şey haqda düşünmürdüm. Zatən özüm üzərimdə lazımi təzyiqi 11 yaşımdan etibarən “Kriştiano, sən dünyanın ən yaxşısı olmalısan” deməklə yaratmışam. Mən həmişə belə olmuşam və 40 yaşıma yaxın dəyişmək fikrində deyiləm. AÇ-də qol vurub-vurmamağım mənim kimliyimi dəyişməyəcək. İnsanlar onsuz da istədiklərini danışacaq. Təsnifat mərhələsində 10 qol vurdum. AÇ-dən əvvəlki son yoxlama oyununda İrlandiyaya 2 qol vurdum. Haqqımda deyilənlər mənə problem yaratmır. Sabah yenə yığmanın heyətində meydana çıxacam və qol vurmağa çalışacam. Sabah da alınmasa, o biri oyunda çalışacam. Mənim üçün rəqibin kimliyi önəm daşımır. Bu yaşıma qədər öyrəndiyim əsas şey odu ki, uğursuzluqdan sonra da həyat davam edir. Keçmiş keçmişdə qalır. Artıq mənim onu dəyişmək imkanım yoxdu. Gələcək bizə həyatda verilmiş ən gözəl hədiyyədi. Çünki gələcəkdə nə olacağını heç birimiz bilmirik.

- Adətən, uğursuzluğa düçar olandan sonra sənə özünə gəlmək üçün nə qədər vaxt tələb olunur?
- Bəzi oyunların yaratdığı üzgünlük daha böyük olur. Məsələn, son AÇ-də Fransaya penalti seriyasında uduzandan sonra iki gün ərzində özümü pis hiss etdim. Amma 3-cü gün vəziyyət dəyişir. Səhər oyanıb idman zalına gedəndə başa düşürsən ki, həyat davam edir. Keçmişlə yaşamaq olmaz. Belə məsələlərdə həqiqətən də çox təcrübəliyəm. Ağrını, acını unutmaq üçün əvvəlkindən də möhkəm çalışmağa başlayıram. Yəni hər insan həyatında nəyin baş verməsindən asılı olmayaraq həvəsdən düşməməli və öz işini davam etdirməlidi. Mən həyata və xüsusilə də futbola məhz belə yanaşıram.

- Portuqaliya mənim üçün AÇ-nin 4-5 favoritindən biri idi. Komandanın turnirdəki çıxışı barədə nə düşünürsən?
- Penalti seriyası sanki mənə qənim kəsilib. Bu il 3 fərqli turnirdə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmalı olmuşam. Halbuki həmin turnirlərin hər birini qazana bilərdim. Amma bu, futboldu və belə şeylər futbolun bir parçasıdı. Fransa ilə oyundan öncə biz məhz penalti seriyasında qalib gələrək mərhələni adlamışdıq. Ümumi götürəndə turniri orta səviyyədə keçirdik. Bəlkə də Fransanı yenib yarımfinala çıxsaydıq, o zaman turniri bizim üçün uğurlu saymaq olardı. Yəni yarımfinal bu komanda üçün minimum hədəf idi. Fikrimcə, Fransaya qarşı yaxşı təsir bağışladıq. Bizim qol fürsətlərimiz daha çox oldu. Bu turnirdən gələcək üçün yaxşı dərslər çıxara bilərik.

- Sənin bütün oyunlarda meydanda olmağın, matçları əvəzlənmədən keçirməyin də müzakirə mövzusudu.
- Az öncə də dedim: tənqidlər həmişə olacaq. Adamlar mənim AÇ-də qol vurmadığımı deyirlər. Amma unudurlar ki, oyunsonrası penaltilərdə iki qol vurdum. İlk epizodda göstərdim ki, heç nədən çəkinmirəm. Çünki oyun vaxtı penaltidən fərqlənə bilməmişdim. Buna baxmayaraq, penaltilərdə topa birinci mən yaxınlaşdım. Sən məni yaxşı tanıyırsan və heç vaxt belə məqamlarda çəkinmədiyimi bilirsən. Bəzi futbolçular belə anlarda topa yaxınlaşmaqdan qorxur. Onları başa düşürəm. Amma Kriştiano heç vaxt belə etmir! Bir penaltini qaçırdımsa, o birində topa yaxınlaşacam. O birini də qaçırdımsa, üçüncüsündə də yaxınlaşacam. Sadəcə, insanlar həmişə bir işin ən pis tərəfini müzakirə etməyi xoşlayırlar. AÇ-də oyundan qol vura bilmədim deyə oturub ağlayası deyiləm. Dünyanın dörd bir tərəfində fanatlar hələ də məni sevir. Bu da məni motivasiyalandırır.

- Həqiqətən də bütün karyeran ərzində sənin qol vurmaq, özünü sübut etmək istəyin inanılmaz səviyyədə olub.
- Amma son illərdə bəzi özəlliklərim dəyişib. Artıq mənim üçün önəm kəsb etməyən insanların fikrinə çox da əhəmiyyət vermirəm. İndi mənimyeni motivasiya mənbəyim uşaqlarımdı. Onlar artıq böyüyüb və hər şeyi görürlər. Təbii ki, futbol sevgim də ön plandadı. Futbola sevgim ölməyib. Məsələn, son mövsümdə 60-dan çox qol vurdum. Baxmayaraq ki, artıq 39 yaşım tamam olub. Məni hətta yaxşı oynadığım matçlardan sonra da tənqid edənlər olur. Məhz buna görə çalışıram ki, o insanlara fikir verməyim. Hətta AÇ-ni qazansaydım da, yoluma davam edəcəkdim. Yəni mənim üçün məğlub olmaq və ya qalib gəlmək prinsipial əhəmiyyət daşımır. Növbəti gün ayağa qalxıb işimə davam edəcəm.

- Artıq söz tapa bilmirəm. Mən 39 yaşımda AÇ-ni qazansam, ağzımda siqar, əlimdə viski həyatıma davam edərdim. Hətta mənim kimi ən yüksək səviyyədə oynamış bir şəxs üçün də sənin sözlərin qəribə səslənir. Sənin bu yaşda da hər günə eyni motivasiya ilə - 18 yaşında bir futbolçu kimi başlamağın inanılmazdı...
- Mən həm də insanları sevindirirəm. Dünyanın dörd bir tərəfində fanatlarımın olduğunu bilirəm. Qollarımla onları sevindirirəm, ilhamlandırıram. Bunu küçədə gəzəndə, onları görəndə hiss etmək mümkündü. Ona görə də futbolla nə vaxt vidalaşacağım bilmirəm. Təbii ki, karyeramın sonuna elə də çox vaxt qalmayıb.

- Bu mövzuya başlamağın yaxşı oldu. Mən də bunu soruşmaq istəyirdim. Karyeranı nə vaxt bitirəcəksən?
- Son illərdə öyrəndiyim şeylərdən biri də odu ki, indiki andan zövq almalısan. Çünki sabah nə olacağını bilmirsən. Fiziki cəhətdən pis görünmürəm. Hələ də aldadıcı fənd edə, zərbə və qol vura, hava topları uğrunda mübarizə apara bilirəm. Bunların heç birini edə bilmədiyimi anladığım gün çantamı yığıb evə qayıdacam və futbolla vidalaşacam. Hədsiz inadkar kimi görsənmək istəmirəm. Amma dediyim kimi, ötən mövsüm 60 qol vurdum. Ona görə də kimsəAÇ-də qol vurmadığımı söyləyəndə mənə qəribə gəlir. Mən yığma səviyyəsində 130 qol vurmuşam. Futbol tarixinin ən məhsuldar oyunçusuyam. Buna baxmayaraq, hələ də özümə yeni hədəflər qoyuram. Yaxın müddətdə 900 qola çatacam. Ondan sonra isə 1000 qola çatmağa çalışacam. Hədəfim məhz budu.

- Bunun üçün neçə yaşına qədər oynamalısan?
- Bəlkə də 41 yaşıma qədər. Bunu heç kim bilmir. İndi əsas odu ki, zədələnməyim və qarşıma qoyduğum hədəfə çatım. Mənim üçün indi futbolda ən böyük zirvə əvvəl 900, sonra da 1000 qola çatmaqdı. Mənim fərqim ondadı ki, bütün qollarımın videosu olacaq. Yəni bunu hər kəsə sübut edə biləcəm.

- Sən indi Di Stefano, Pele, Eysebio kimi əfsanələrə söz atmış oldun (gülür).
- Onların hamısına böyük hörmətim var. Hərənin bir sevdiyi futbolçu var. Mən bundan danışmıram. Söhbət qol sayından gedir. Məndən çox qol vurduğunu iddia edən varsa... Mən də gedib məşqdə vurduğum qolları gətirib göstərə bilərəm. Mənim bütün qollarımın videosu var.

- Biz o vaxt ”Yunayted”də çıxış edərkən sən tez-tez Nani və ya Andersonla fərqli mövzularda üstün olduğunu sübut etməyə çalışırdın. Məsələn, hətta stolüstü tennisdə də uduzmağı sevmirdin. Belə görürəm, indiyə qədər də bu keyfiyyət səndə qalıb.
- Bir neçə gün öncə Qırmızı dənizdə olarkən oğlum Kiştiano Juniorla padel oynadıq. İnan ki, o uduzduğu üçün məni iki gün danışdırmadı. Bax, belə şeylər məni xoşbəxt edir. Hətta kiçik oğlum Mateoda da bu xüsusiyyət var. Övladlarımın da mənim kimi olduğunu görmək sevindiricidi. Onlar məni diqqətlə izləyirlər və hər şeyi görürlər. Bəzən uduzanda çox əsəbi oluram. Hətta övladlarımla oynayanda da uduzmağı sevmirəm.

ƏLİ RAUFOĞLU hazırladı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
43
football-plus.az

10Mənbələr