AZ

Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...

Ekspertlərdən fərqli rəylər: “Kənardan mənbəyi şübhəli maliyyə vəsaitlərinin qəbulu imkansızdır”; “Onun bir necə milyonundan keçərək...”
 
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkisində respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasına ciddi maliyyə dəstəyi olduğu məlum faktdır. Məsələn, “Tesla” şirkətinin və X platformasının rəhbəri İlon Mask seçkilərdə Trampı dəstəkləyən komitəyə ayda təxminən 45 milyon dollar ayıracağını bəyan edib.
 
Xüsusilə sui-qəsd cəhdindən sonra Trampın seçki kampaniyasına dəstək verən biznesmenlərin sayı artıb. Trampı dəstəkləyən digər tanınmışlar arasında “Palantir Technologies”in həmtəsisçisi Co Lonsdeyl, “Winklevoss”un sahibləri Kemerun Hovard və Tayler Hovard, ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun əri, kömür mədən şirkəti “Alliance Resource Partners”in baş direktoru Co Kraftın da adları var.
 
Trampın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes əlaqələrinin olduğu sirr deyil. Anar Məmmədovun Donald Trampla işbirliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. Onlar Bakının Xətai rayonu ərazisində “Trump Tower” adlı böyük bir plaza da inşa etdirmişdi. Hətta bir ara Trampın milyarder iş adamı olaraq, Bakıya gələcəyi söz-söhbəti də yayılmışdı.
 
Donald Tramp ABŞ prezidenti seçiləndən sonra daha da fəallaşan Anar Məmmədov Azərbaycan mediası vasitəsi ilə belə bir rəy yaratmağa başladı ki, Amerikanın yeni prezidenti onun və ailəsinin iş ortağıdır, yaxın münasibətləri var və dünyanın ən güclü ölkəsinin rəhbəri onun arxasında olacaq. Ancaq hər şey əksinə oldu, “Trump Tower Baku” “əl dəyişdi”, adı da dəyişdi, Anar Məmmədov isə ölkədən köçdü.
 
Maraqlıdır ki, Azərbaycanda parlament seçkisi ərəfəsi “AzadlıqRadiosu” gözlənilmədən azərbaycanlı iş adamı ilə bağlı sensasion sayıla biləcək materiallar dərc etdi. Həmin materiallara görə, A.Məmmədov Britaniyanın KFC şəbəkəsinə sahibdir. “AzadlıqRadiosu”nun araşdırmasına görə, A.Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranı var.
 
Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.
 
Maliyyə hesabatları Məmmədovun Britaniyanın Vircin adalarında nəzarət etdiyi “1st Rate Investments Limited” adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir. Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb. Bunları təsadüfi yada salmırıq.
 
İddialara görə, A.Məmmədov Trampın seçki kampaniyasına yüklü miqdarda ianə verib. Ola bilər ki, seçkilərdə Trampa “maya qoyması” rəsmi Bakının respublikaçı namizədin yenidən hakimiyyətə gəlməsinə isti baxması ilə əlaqədardır. A.Məmmədov bir neçə milyondan vaz keçməklə həm Trampın, həm də Bakının rəğbətini qazanmağa çalışır.
 
Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası
 
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bir sıra maraqlı faktlar səsləndirdi: “ABŞ-da prezident seçkisinin gedişatında namizədlərin seçki fondlarına yüz milyonlarla ianələrin daxil olması məlumatları, onların kim tərəfindən göndərilməsi gizli deyil və bu məlumatları istənilən jurnalist əldə edə bilər. Kamala Harrisin Baydeni əvəzləməsindən sonra onun seçki hesabına daxil olan maliyyə vəsaitlərinin həcmi Trampa verilən məbləğləri keçmişdi. Adətən respublikaçıların maliyyə donorları ABŞ-da böyük biznesin nümayəndələri olurlar. Amma bu dəfə Bayden üzərində qələbə qazanmağın çətin olmayacağını görüb ola bilsin ki, əvvəlki dövrlərlə müqayisədə daha az maliyyə vermişdilər. Harrisin namizəd olmasından sonra təhlükəni görüb onlar tez bir zamanda seçki fondunu böyütməyə başladılar. Amma bu o demək deyil ki, bu fondlara kənardan maliyyə vəsaiti qəbul olunacaq. Tərəflər hazırda bir-birilərinin fəaliyyətini az qala mikroskopla izləyirlər. Kənardan mənbəyi şübhəli maliyyə vəsaitlərinin qəbulu imkansızdır. Bu cür məsələlərdə Ziya Məmmədovun oğlu Anar Məmmədovun adının hallanması isə inandırıcı deyil. Ziya Məmmədovun nazir olub ölkədə ən varlı adamlardan biri olan vaxtlarda, Trampın isə siyasətdə olmadığı zamanlarda onun şirkətinin Azərbaycanla bağlı layihələrinin olması adi bir hal idi. Yəni Bakıda "Tramp binası"nı Trampın şirkəti tikmirdi. Onu Anar Məmmədova yaxın şirkət tikirdi və Trampın brendinin adının həmin binaya şamil olunması ilə bağlı razılaşma olmuşdu. Bununla bağlı ilkin olaraq rəsmi qaydada Trampın şirkətinə bir neçə milyon ödənilmişdi. Sonradan bu brendi daşıdığına görə razılaşdırımış səviyyəni gözləmək şərtilə hər il müəyyən məbləğ ödənilməli idi. Bu cür iş sistemi dünyanın əksər böyük brendlərinə də aiddir. Məsələn, məşhur hotellər sistemləri də dünyada bu cür işləyir. Trampın şirkətinin də dünyanın müxtəlif ölkələrində yalnız adını verdiyi və buna görə ödəniş aldığı yüzlərlə tikili var. Anar Məmmədovla da o şəkildə olmuşdu. Amma Trampın ilk prezident seçkisi öncəsi Azərbaycanda olan şirkətin sahibinin ailəsinin korrupsiyada adının hallanması səbəbindən şirkət əlaqələri dayandırdı və Bakıda tikilən binanın reklamından öz brendini yığışdırmaqla əlaqələri birdəfəlik kəsdi. Hazırda Ziya Məmmədov nazir deyil, maliyyə imkanları əvvəlki dönəmə baxanda çox aşağıdır. Anar Məmmədovun özünün biznesi də elə də böyük pullar gətirmir. Məşğul olduğu iş də ciddi investisiyalar hesabına yaradılmayıb. Yəni onun o qədər böyük imkanları yoxdur. Trampın şirkəti bəlkə də onun adını belə unudub. Digər tərəfdən, dediyim kimi, mənbəyi şübhəli maliyyə vəsaitlərinin seçkiyə cəlb olunması özü bir cinayətdir. Eyni zamanda Tramp komandasının seçki hesablarına yalnız ABŞ şirkətləri və vətəndaşlarından maliyyə qəbul etdikləri də məlumdur".
 
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı Anar Məmmədovun Bakının rəğbətini qazanmaq üçün belə bir addım atmasını mümkün hesab edir:“Amerika cəmiyyətində bütün seçkilərdə, ən əsası da prezident seçkisində namizədə ianələr köçürülməsi yüz milyonlarla dollarla ölçülür. Təbii ki, böyük iş adamları, milyarderlər seçiləcək prezidentə sərmayə qoyuluşunu sanki bir biznes qazancı kimi təqdim edirlər. Hətta prezidentliyə namizəd həmin milyarderlərlə bir razılaşma əldə edir. Prezidentliyə namizədin seçki fonduna sadə vətəndaşların özləri də ianə şəkildə pul qoya bilirlər. Hamıya bəllidir ki, Amerikada keçiriləcək seçkidə əsas faktorlardan biri namizədin xərclədiyi puldur. Hansı namizəd daha çox pul xərcləyərsə, onun seçilmək şansı daha çox olur. Anar Məmmədovla bağlı "AzadlıqRadiosu"nda Amerikada keçiriləcək prezident seçkisinə 2 ay qalmış bu cür məlumatın getməsini də təsadüfi hesab etmirəm. Anar Məmmədovun atası Ziya Məmmədovun nazir olduğu dövrdə Trampla bağlı müəyyən biznes ortaqlığının olmasına dair Azərbaycan mətbuatında kifayət qədər məlumatlar yayılırdı. Hətta qeyd etdiyiniz “Trump Tower” adlı plaza da inşa olunmuşdu. “AzadlıqRadiosu” Amerikanın media orqanıdır. Bu məlumat da məqsədli şəkildə yayılıb. Heç kəsə sirr deyil ki, atası nazir olduğu dövrdə Anar Məmmədovun Azərbaycanda media şəbəkəsi fəaliyyət göstərirdi. Mətbuatla işləməyi Anar Məmmədov yaxşı bilir. Amerikada keçirilən seçkilərlə əlaqədar Prezident İlham Əliyevin Trampla bağlı mövqeyi hər kəsə bəllidir. Bu baxımdan, Anar Məmmədovun bir necə milyonundan keçərək Trampa jest etməsini mümkün hesab edirəm. Bu prizmadan yanaşsaq, Anar Məmmədov həm də Bakının rəğbətini qazanmağa çalışa bilər".
 
Seçilən
162
50
moderator.az

10Mənbələr