Sabah keçiriləcək Slovakiya – Azərbaycan oyunu ilə bağlı hər iki komandanın baş məşqçisi jurnalistlərin önünə çıxdı.
Bakı vaxtı ilə saat 19.13-də yığmamızın baş məşqçisi Fernando Santuş və yarımmüdafiəçi Toral Bayramov Koşitse Futbol Arenasının konfrans salonuna təşrif buyurdu. Əvvəlcə Toral danışdı.
- Əvvəla hamını salamlayıram. Sabah bizi çox yaxşı komanda ilə oyun gözləyir. Slovakiya yığması son Avropa çempionatında yaxşı təsir bağışlayıb. Biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, qələbə qazanmağa çalışacağıq.
- Toral, bizi Slovakiya ilə ağır oyun gözləyir. Yığmadan qələbə gözləyə bilərikmi?
- Bir daha vurğulayıram ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. Belə gücümüz var. İnşallah, sabah hər şey yaxşı olacaq.
- “Qarabağ”da və yığmada fərqli mövqelərdə oynayırsan. Hansı mövqe sənə rahatdı?
- Özümü heç bir mövqedə narahat hiss etmirəm. Baş məşqçi şans versə, əlimdən gələni edəcəm.
- İsveçlə oyundan sonra penalti məsələsi çox müzakirə olundu. Millidə o məsuliyyəti üzərinə götürməyə hazırsanmı?
- Bu sual mənə ünvanlanmalı deyil. Baş məşqçiyə verməlisiz.
Toral məşqə yollanandan sonra Fernando Santuş birbaşa sualların verilməsini istədi.
- Slovakiya mətbuatı, rəqibin məşqçi korpusu yığmamızı detallı şəkildə təhlil edib. Bu məqam Santuşu çəkindirmir?
- Normal prosesdi, hamı bir-birini izləyir. Mənim assistentim də Estoniyadakı oyunu izləyib.
- Slovakiya milli komandası Azərbaycan futbolu üçün önəmlidi. Azərbaycan futbol tarixinin ilk qələbəsini məhz Slovakiya üzərində qazanmışıq. U-21-lər səviyyəsində. Fernando Santuşun ilk qələbəsini də gözləyəkmi?
- Keçmişlə yaşamırıq. Gələcəyi düşünməliyik. Slovakiya və İsveç üzərində qələbələr olub, ancaq nə qədər də məğlubiyyətlər var.
- Ramil Şeydayevlə Emin Mahmudov arasındakı penalti məsələsinə münasibətiniz. Şeydayevin hərəkəti düz idi, yoxsa səhv?
- Bununla bağlı fikir bildirmək istəmirəm. Amma Eminə demişdim ki, penaltini sən vuracaqsan.
- Santoşun Azərbaycan yığması ilə bağlı ilk fikirləri necədi?
- Azərbaycan yığmasına inanıram, inanmasaydım, gəlməzdim. Yolumuz uzundu, bizi uzun yol gözləyir.
- Azərbaycanda sabah yığmadan nəinki qələbə, hətta heç-heçə də gözləmirlər. Belə durum Fernando Santuşu ruhdan salır, yoxsa yaşıl meydanda qəhrəmanlıq göstərməyə həvəsləndirir?
- Sizlə razı deyiləm, mən qələbə gözləyirəm. Biz meydana çıxıb oyunumuzu göstərəcəyik. Uzun yola çıxmışıq, gələcəkdə daha çox qələbə qazanmaq istəyirik.
- İsveçlə oyundan sonra demişdiz ki, penalti məsələsi komanda daxilində müzakirə olunacaq. Sabahkı oyunda Ramil Şeydayevi start heyətində görəcəyikmi?
- Görəcəksiz.
- Artıq Slovakiyanın oyununu izləmisiz. Qələbənin yolu hansı taktikadan keçir?
- Slovakiya yığmasına hörmətim böyükdü. Amma taktikamı sizlə bölüşmək istəmirəm.
- Məşqçi karyeranızda Slovakiya ilə qarşılaşmısızmı?
- Bəli, Yunanıstan yığmasının “sükanı arxasında” Slovakiyanı məğlub etmişəm.
- Bəhlul Mustafazadənin yoxluğu yığma üçün nə dərəcədə ciddi itkidi?
- 23 futbolçumuz var. Bəhlul yanımızda olsaydı, daha yaxşı olardı. Ancaq başqa oyunçularım var, onlara bel bağlayıram.
- Slovakiya yığması 26 ildən sonra Koşitsedə oyuna çıxacaq.
- Hər komanda istəyir ki, ev oyununda yaxşı nəticə göstərsin. Amma biz də qələbə qazanmaq istəyirik.
ORXAN, Koşitse
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta