AZ

Cüdo: Gənclər yığmamız Avropa çempionatında tarix yazdı

Estoniyanın paytaxtı Tallində gənclər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatında fərdi mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığması bu Avropa çempionatında tarixi nəticəyə imza atıb.

Yarışa gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədovun rəhbərliyi ilə qatılan 16 (9 oğlan, 7 qız) cüdoçumuz bütövlükdə 8 medal əldə edib. Komandamızın üzvləri fərdi yarışlarda 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.

Qızlardan Könül Əliyeva (-48 kq) və Fidan Əlizadə (-57 kq), oğlanlardan isə Vüsal Qələndərzadə (-73 kq) və Süleyman Şükürov (-81 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. Nizami İmranov (-60 kq), Aslan Kotsoyev (-90 kq) gümüş medalla kifayətləniblər. Tuncay Şamil (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc mükafata sahib çıxıblar. Digər idmançılarımızdan Xədicə Qədəşova (-52 kq) və Ramazan Əhmədov (+100 kq) isə çıxışlarını 7-ci sırada başa vurublar.

Beləliklə, Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında isə 2-ci nəticə göstərib. Bu münasibətlə yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub. Növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 cüdoçumuzun qızıl medal qazanmağı Azərbaycan tarixində bir ilkdir.

Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırıblar, 1999-cu ildə qeydə alınan rekordu təkrarlayıblar.

Seçilən
77
1
arena.az

2Mənbələr