AZ

Göygöldə moruq festivalı

Heç iki ay deyil ki, Göygöl rayonunda ikinci Milli Yaylaq Festivalı başa çatıb. İndi budur, rayonda daha bir fesftivalın açılışına sayılı günlər qalır. Ölkədə ilk dəfə olaraq Moruq festivalı təşkil olunacaq. Sentyabrın 14-ü və 15-də baş tutacaq festivalın rayonun Köşkü kəndində təşkil olunması planlaşdırılır. 

Festival günlərində iş­tirakçılara hər növ moruqlu içkilər və təamlar, müxtəlif musiqi və rəqslərdən ibarət konsert proqramları, kamp qurmaq istəyənlər üçün isə ayrılmış ərazi təqdim olu­nacaq. Festivalda həmçinin sənətkarlıq məhsullarının sərgi-satış yarmarkası keçi­riləcək. Əvvəlcədən bildiri­lib ki, tədbirə hər kəs ödəniş­siz olaraq qatıla bilər. 

Hazırda Birinci Mo­ruq Festivalına hazırlıq tam sürətlə davam edir. Sənət­karlıq məhsullarının sər­gi-satış yarmarkası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr də nəzərdə tutu­lan bu xüsusi bayram tədbi­rinin niyə ilk dəfə Göygöl rayonunda keçirilməsi oxucu üçün də yəqin maraqlıdır. 

Qeyd edək ki, Göygöl rayonu həmişə müxtəlif növ moruqları ilə tanınıb. Rayon ərazisindən keçən Gəncəçay sahili boyu yerləşən Zurna­bad, Topalhəsənli, Şəhriyar və digər kəndlərdə illərdir bol moruq yetişir. Göygöl şəhərinin özündə də çox­lu moruq kolları var və son vaxtlar yerli icra strukturları­nın təşəbbüsü və fermerlərə yaradılan şərait nəticəsində çoxlu moruq təsərrüfatları yetişdirilib. Yəni bu yerlər ta qədimdən bol moruğu ilə tanınıb, əvəzsiz məhsul sanki rayonun simvollarından bi­rinə çevrilib. Yeri gəlmişkən, təbabətdə daha çox meyvələ­rindən, az hallarda isə yar­paqlarından istifadə edilən moruq dərman vasitələrindən biridir, susuzluğu kəsir, dadlı və ətirlidir. Çay kimi dəm­lənmiş meyvələri qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Onun 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin oldu­ğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı meyvədir. Qanazlığı və hamiləlik zamanı da isti­fadə olunur. Angina və digər boğaz ağrılarında moruğun meyvələrindən hazırlanmış həlimlə qarqara edilir. 

Məhz bu məhsulun faydasını, həm də satış baxımından çox dəyərli və əlverişli olduğunu görən mütəxəssislər rayon icra hakimiyyətinin tövsiyəsi ilə yerlərdə görüşlər, seminar­lar, praktik tədbirlər keçir­məyə başladılar, suvarma məsələlərinə diqqət artırıl­dı və sair. Nəticədə rayon ərazisində əvvəllər dağlıq ərazilərdə, çay kənarlarında yetişən moruq kollarını son illər sənaye üsulu ilə əkib becərməyə başladılar. İndi əldə olunan məhsul əsasən Bakı və Gəncə bazarlarına, eləcə də xarici bazara çıxa­rılmağa başlanıb. Təsərrüfat sahiblərinin bu giləmey­vənin rayonda daha geniş ərazilərdə əkib-becərməsinə həvəsləndirən səbəblərdən biri də coğrafi iqlim şəraiti­nin əlverişli olması ilə yana­şı, həm də dövlət tərəfindən dəstək olan subsidiya veril­məsidir. 

Moruq yetişdirilməsi ilə məşğul olan fermerlərin bir çoxu ilə danışıb söhbət etdik, fikirlərini öyrəndik. Ümumi rəy belədir ki, hə­min sahəyə qoyulan sər­mayə nəinki itmir, əksinə əvəzini 5-6 dəfə çıxarır. Moruğun aqrotexniki qul­luq qaydalarına gəldikdə isə, təsərrüfat sahibləri de­dilər ki, bir moruq tinginə təxminən hər suvarılmada 7 litrə qədər su sərf olunur. 

Fermer Fuad Zalov:

– Mənim 4 hektar moruq bağım var. Neçə illərdir fay­dasını görürəm, yaxşı qazanc gətirir. Belə olmasaydı, heç məşğul olmazdım. Özü də dolanan təkcə mən, ailə üzv­lərim deyil. Hazırda yığım gedir və bu işlə hər gün 45-50 adam məşğul olur və ki­fayət qədər də zəhmət haqqı alırlar. Hələ gələn ayın son­larınadək moruq yığılacaq.

Moruq bağında demək olar ki, bütün işlər əl əməyi vasitəsilə görülür. Moruğun budaqlarının 2 metrdən çox uzanmasına imkan veril­mir. Məhsuldar olması üçün hündürlüyü stabil qaydada saxlanır. Moruq kollarının özündən də yeni məhsuldar tinglər əldə edirlər. Bu ting­ləri fermerlər həm özləri isti­fadə edir, həm də satışını hə­yata keçirirlər. Bir çoxu da öz həyətində 3-4 sotluq sahədə moruq becərir. Yerli sakinlə­rin sözlərinə görə, bu yerlərdə moruqbecərmə ənənəsi bir əsrə yaxındır ki, yaşayır. 

...Bəlkə də çoxları bilmir ki, dünyada moruğun 250-dən çox növü var. Azərbay­canda isə həm yabanı, həm də mədəni şəkildə yayılan bu bitkinin 15 növü mövcuddur. Onu da deyək ki, moruq ildə iki dəfə yığılır. Birinci yığım iyun-iyul aylarında, ikinci isə indi, sentyabr-oktyabr ay­larında dərilir.

Bax, belə bir vaxtda Göy­göl rayonunda maraqlı bir təşəbbüs ortaya atılıb: “Gəlin moruq festivalı keçirək və bu, bir ənənə şəklini alsın.”

Gözəl təşəbbüsdür, niyə də rayonda yetişən, neçə-neçə ailəyə ruzi-bərəkət gə­tirən bu əvəzsiz giləmeyvəyə biganə qalmalıyıq?! Əslində tarixi eramızdan neçə əsrlər qabağa gedən Göygölün mo­ruğunun özü da bir tarixdir. Gərək bu tarixi yaşadaq!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, Göygöl rayonu

Seçilən
79
29
xalqqazeti.az

10Mənbələr