ABŞ-da keçirilən son on prezident seçkisindən doqquzunu düzgün proqnozlaşdıran amerikalı tarixçi və politoloq Allan Lixtman noyabrda Demokratlar Partiyasının namizədi Kamala Harrisin qalib gələcəyinə inanır.
O bunu "Fox News"un efirində bildirib.
Politoloq izah edib ki, proqnozlarını özünün 13 əsas amili nəzərə alan sistemi əsasında qurur. Bunlara başqa partiyaların namizədlərinin prezidentlik yarışında iştirakı, iqtisadiyyatın qısamüddətli vəziyyəti, sosial gərginliyin mövcudluğu, ABŞ-ın hazırkı prezidentinin və rəqib partiyanın namizədinin xarizması, mövcud administrasiyanın xarici siyasətindəki uğursuzluqlar və s. daxildir.
"Bu, çox sadə işləyir. Əgər altı bənd üzrə kimsə liderdirsə, həmin partiya əvvəlcədən qalib elan oluna bilər. Əks halda, onlar uduzacaqlar" , - o deyib.
ABŞ-ın hazırkı Prezidenti Co Bayden Demokratlar Partiyasındandır. Lixtmanın sözlərinə görə, Respublikaçı namizəd Donald Trampın beşdən çox əsas göstəricisi yoxdur.
"Buna görə də mən Kamala Harrisin ABŞ prezidenti vəzifəsini icra edən ilk qadın olacağını proqnozlaşdırıram" , - o yekunlaşdırıb.
Oxu.az xatırladır ki, 1984-cü ildən bəri Lixtman yalnız bir dəfə, 2000-ci ildə demokrat Al Qorun Respublikaçı Corc Buş üzərində qələbə qazanacağını proqnozlaşdırarkən yanılıb.