Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.
AzEdu.az UNESCO-nun saytına istinadla xəbər verir ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu il keçirilən tədbirlər “Təhsili hücumdan qorumaq üçün indi hərəkətə keç” mövzusuna həsr olunur. Məktəblər, universitetlər və digər təhsil müəssisələri hər zaman sülhün möhkəmlənməsi və inkişafı üçün etibarlı məkan olmalıdır. Onların mülki xarakteri tanınmalı, müdafiə edilməli və onlar heç vaxt hədəfə alınmamalıdır. Silahlı münaqişələr təhsil üçün çox sayda dağıdıcı maneələr yaradır. Bu gün münaqişələrin uzanması gələcək nəsillərə, xüsusən uşaqlara və əhalinin ən həssas qruplarına mənfi təsir göstərəcək. Xüsusən silahlı münaqişə vəziyyətində və təhlükəsizliyin olmadığı şəraitdə təhsil hüququna hər kəs hörmətlə yanaşmalı, onu dəstəkləməli və bu hüquqdan hamı istifadə etməlidir.
Xatırladaq ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.
Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirləri görmək yolu ilə məktəblərdə təhlükəsiz şərait yaradılmasından ötrü fəallıq göstərilməsinin və maliyyələşmə həcminin genişləndirilməsinin zəruriliyi vurğulanır.
Qətnamə UNESCO və UNICEF-i münaqişədən təsirlənmiş ölkələrdə yaşayan milyonlarla uşağın vəziyyəti haqqında məlumatlılığı artırmağa çağırır.
BMT bu günü təsis etməklə məktəblərin təhsilalanların və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir.
Azərbaycan təhsili də zaman-zaman münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz ölkəmizdə və xaricdə ali təhsil alaraq, respublikamızın inkişafına töhfə verirlər.
Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.
İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi - 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.
Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulmaqdadır.