Ədliyyə nazirinin iki müavini işdən azad olunub.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Azər Məmməd Oğlu Cəfərov və Vilayət Həsən Oğlu Zahirov nazir müavini vəzifəsindən azad edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. 1979-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunda elmi fəaliyyətlə məşğul olub və Moskva Hüquq Akademiyasında doktorluq dissertasiyası müdafiə edib. Hüquq elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.
Hüquqşünas fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə, o cümlədən Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib. 1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.
2004-cü ildən başlayaraq Ədliyyə Nazirliyinin Təşkilat-analtik idarəsinin, Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü olub, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir. 2005-2023-cü illərdə, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvüdür.
2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə", "Ədliyyə sahəsində fərqlənməyə görə", habelə dövlətimizin müxtəlif digər medalları, Rusiya Elmlər Akademiyasının və Rusiya Vəkillər Gildiyasının mükafatları ilə təltif edilib. Evlidir, iki övladı var.
Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olub, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləyib.
1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışıb. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar hüquqşunası” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 22 noyabr 2021-ci il tarixli əmrlə "Fəxri ədliyyə işçisi" adı verilib. O, həmçinin, Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir.
Ədliyyə Nazirliyi Apellyasiya Şurasının sədridir. O, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquqi mövzuda bir sıra məqalələrin müəllifidir. Evlidir, 5 övladı var.
Onu da qeyd edək ki, bundan əvvəl İlham Əliyev Mübariz Əhmədov və Toğrul Hüseynovu ədliyyə nazirinin müavini təyin edib.