AZ

De la Fuente Lamin Yamalı “ilahi istedad” adlandırdı

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente milli komandanın və “Barselona”nın yeniyetmə vingeri Lamin Yamal haqda söhbət açıb.

Arena.az “Goal” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Lamin çox yaxşıdır. Dediklərim doğrudur: onun tanrıdan bir istedadı var. Fərqli oyunçular var. Mən bu müqayisələrə girmək istəmirəm, çünki bilirəm: müxtəlif dövrlərdən fərqli oyunçular var. Bəs istedad? Onları bir-birindən fərqləndirən bir xüsus var. Super ulduzlar, futbol dahiləri, tarix yazanlar – hər kəsin fərqli bir xüsusu var. Onlar gənc yaşda hamıya özündən çox yaşlı görünürlər” deyə De la Fuente vurğulayıb.

Xatırladaq ki, Yamal bu yaxınlarda “Qızıl top” mükafatına namizəd təqdim edilib və bununla da yeniyetmə ispan futbolçu mükafatın tarixi ərzində qənimətə ən gənc iddiaçı olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
107
1
arena.az

1Mənbələr