AZ

Taleh Yüzbəyov məşhur kafesinin bağlanmasının və 18 min manat cərimənin – SƏBƏBİNİ AÇIQLAYIB

Məşhur ssenarist və aktyor, bir qədər əvvəl restoran biznesi ilə məşğul olmağı qərara almış Taleh Yüzbəyov Bakıdva bir qədər əvvəl yaratdığı «Yüzcafe» kafesinin müflis olub bağlanması və 18 min manat cərimələnməsi barədə paylaşım edib.

FED.az xəbər verir ki, restoran biznesi sahəsində qısa müddətli biznes təcrübəsini paylaşan aktyor lbu sahədə iş qurmaq istəyənləri ehtiyatlı olmağa və riskləri əvvəlcədən götür-qoy etməyə çağırıb.

Son illər ölkəmizdə restoranların sayının artdığını, restoran biznesinin sürətli inkişafını və bu sahədə biznes qurmaq istyənlərin çoxaldığını nəzərə alaraq, FED.az məşhur aktyorun paylaşımını bir sıra zəruri ixtisarlarla təqdim edir. 

«Əvvəla bütün kafe açmaq istəyənlərə ilk və əsas məsləhətim odur ki: Açmayın! Əgər bu işdə təcrübəniz, böyük təcrübəsi olan dostunuz və ya işçiniz, kafeyə yatıracaq puldan başqa çoxlu pulunuz yoxdusa, açmayın!

Kafe işlətmək bilirsiniz nəyə oxşayır?! Qonşular, işçilər, işıq idarəsi, vergilər, qida təhlükəsizliyi, icra hakimiyyəti, obyekt yiyəsi, fövqəladə hallar, müştərilər, sanepidemstansiya, borclu olduğunuz şirkətlər və başqa-başqa qurumlar və şəxslər – hamı sizə mane olmağa çalışır (ifadə bir qədər dəyişdirilərək etik hala gətirilib – FED.az).

Bizim ən böyük səhvimiz əvvəllər kafe olmayan obyekti götürüb, kafe eləmək idi. Pulumuzun böyük hissəsi təmirə getdi. Təmir isə dünyada heç vaxt bitməyən bir prossesdir. Yəqin aylarla təmir gedən yerlərdə: "Müvəqqəti narahatlığa görə üzr istəyirik!" sözünü görmüsünüz. Müvəqqəti kimi daimi heç nə yoxdur bu həyatda.

YüzCafe dövründə olanları çəksəm kino yox serial alınar. 10 ay ərzində üstümüzə bir kometa düşməyi qaldı. Başımıza gələnlərin qısa icmalı ilə aşağıda tanış ola bilərsiniz:

İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı.

Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı.

İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı. Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı.

Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı. Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı.

Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 azn! Vallah vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq Fatality idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı.

Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq.

Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin!»

Seçilən
66
27
fed.az

10Mənbələr