Cənubi Qafqazda mürəkkəb geostrateji proseslərin getdiyi bir zamanda MKİ rəsmisinin Azərbaycana gəlişi ilə bağlı gizlinlər üzə çıxır - Amerika kəşfiyyatı regionda təsirini gücləndirir
Cənubi Qafqazda mürəkkəb geosiyasi və geostrateji proseslərin getdiyi bir zamanda ötən həftə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya gəldi.
MKİ nümayəndəsinin Azərbaycana səfəri sözsüz ki, çoxlu suallara yol açırdı. Çünki MKİ rəhbərliyindən İrəvana da səfərlər intensiv xarakter almışdı. Bu baxımdan Patrik Priorunun Bakıda olması kifayət qədər önəmli səfər idi, habelə, Azərbaycan-Ermənistan danışıqları ərəfəsində vacib görüş idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilir. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”.
Söhbət hansı məsləhətləşmələrdən gedir? Amerikalı kəşfiyyat rəsmisinin Azərbaycan səfəri ilə bağlı müxtəlif versiyalar səslənir. Onların arasında Zəngəzur dəhlizinə nəzarətin hansısa xarici (Qərb) şirkətinə həvalə edilməsinə rəsmi Bakını razı salmaq istəməsi ilə bağlı ehtimal da var. Hətta belə fikir var ki, bu səfərin proqramı Azərbaycanın maraqlarına uyğun sayılmır. ABŞ təhlükəsizlik yetkilisi Bakıdan nə ilə getdi və bu səfərin təsiri özünü bölgədə nə vaxt göstərməyə başlayacaq?
Qabil Hüseynli
Professor Qabil Hüseynli istisna etmir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənarda açılması mövzusu MKİ rəsmisinin portfelində olan məsələlərdən biridir. Onun zənnincə, ABŞ regiona Ermənistan üzərindən nüfuz etməyə səy göstərir və hazırda geoekonomik hədəf Orta dəhlizin Rusiyasız işə düşməsidir. Bununla belə, politoloq regionda təhlükəsizliyin gücləndirilməsi, İranın bitməyən “qırmızı xətt” eyhamlarının da müzakirə oluna biləcəyini mümkün sayır: “Amerika kəşfiyyatı Ermənistana ayaq açıb və tez-tez səfərlər edirlər. İrəvandakı səfirliyində də kəşfiyyatçıların olması şübhə doğurmur. Məni maraqlandıran odur ki, Tehranın qarşı çıxdığı dəhlizlə bağlı Vaşinqton nə düşünür? Yəni İran etiraz edir, amma müttəfiqi Rusiyaya bu koridor lazımdır. Əgər bu logistika işə düşərsə, İran Kremlin yanında olacaq, ya yox? Düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizlik ən kövrək məsələdir. İndi tərəflərin üst-üstə düşməyən mövqeləri ucbatından mübahisə daha qızğın xarakter ala bilər. Görünür ki, MKİ rəsmisi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. Lakin Azərbaycanın baxışı ortadadır - qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş maneəsiz təmin olunmalıdır”.
Q.Hüseynli xatırladır ki, yola kontrolun özəl şirkətə verilməsi gündəmə gəlib və ABŞ bu mövzuda Azərbaycanın münasibətini bilmək istəyib: “Yəni bizim üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin, yoxsa hər hansı özəl şirkətin Naxçıvana gediş-gəlişə nəzarət etməsinin fərqi varmı? - bunu öyrənmək istəyə bilərlər. Əslində Azərbaycana lazım olan üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirilməsidir. Ermənistan öhdəlik götürüb. Paşinyan təhrif edərək deyir ki, yolun təhlükəsizliyinin qarantiyası Ermənistandadır. Bəli, belədir, amma yola nəzarət ruslara verilməlidir. Bu öhdəlik var. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir”.
Xaqani Cəfərli
Politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir: “Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır”. Ekspertin sözlərinə görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz: “Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir”.(musavat.com)