AZ

Masallı rayon İcra başçısı “Ağ məktəb"də aparılan təmir işləri ilə tanış olub - FOTOLAR » AzadMedia.az




Masallı, 11 sentyabr — Azadmedia.az

İcra başçısı “Ağ məktəb"də aparılan təmir işləri ilə tanış olub - FOTOLAR Bir neçə gündür ki, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı, yerli xeyiriyyəçilərin maddi dəstəyi ilə Masallı rayonu Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbdə təmir işləri görülür. Cənub bölgəsinin ən qədim məktəblərindən sayılan və el arasında “Ağ məktəb” kimi tanınan orta məktəbin əsas binası 1928-ci ildə tikilib. Sonrakı illərdə məktəbin həyətində hərəsində üç sinif otağı olmaqla daha iki bina inşa edilib. Tikildiyi vaxtdan bəri heç zaman əsəslı təmir edilməyən məktəbin əksər sinif otaqları qəzalı, istismara yararsız vəziyyətdə idi.
Yeni tədris ilindən şagirdlərin daha səliqəli, təmirli məktəbdə dərs almaları üçün hazırda eyni zamanda məktəbin 10 sinif otağında təmir tikinti işləri aparılır.

Azadmedia.az-ın cənub bürosu Asiya.az-a istinadən xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digər idarə, müəssisə rəhbərləri təmir tikinti işləri ilə tanış olmaq üçün bu gün məktəbdə olublar.

“Ərkivan Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov görülən təmir işləri barəsində qonaqlara məlumat verib. O, bildirib ki, məktəbin ümumilikdə 15 otağından 10-da əsaslı və cari təmir işləri aparılır. Belə ki, döşəmələr yenilənir, qəzalı divarlar bərpa edilərək, rənglənir, məktəbin önündə 100 m² yerə tamet daşlar döşənir, digər hörgü işləri görülür.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov “Ağ məktəb”-in şanlı tarixi, cəmiyyətə bəxş etdiyi dəyərli ziyalı və elm xadimləri barədə danışaraq, ərkivanlıların hər zaman təhsilə önəm verməsini diqqətə çatdırıb. O, belə bir müqəddəs iş gördükləri üçün Ərkivan xeyriyyəçilərinə öz təşəkkürünü bildirib.

Çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev görülən işlərin təqdirə layiq olduğunu söyləyərək, rəhbərlik etdiyi idarənin də görülən işlərə dəstək verəcəyini bildirib. O, məktəbdə qəzalı elektrik naqillərinin yenilənməsi və bir neçə sinif otağının yeni parta oturacaqları ilə təmin ediləcəyini deyib.
Fotomüxbir: Elsevər Əliyev














Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
azadmedia.az

10Mənbələr