AZ

Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Bakı şəhər sakini, əslən Ağdam rayonunun Üçoğlan kəndindən olan Süleymanov Vasif Qazı oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqlardan danışıb. Uzun müddət Rusiyada yaşadığını deyən V.Süleymanov bildirir ki, 2004-cü ildə Novosibirsk şəhərində həmyerlisi, qohumu (yeznəsinin qardaşı) Ərgənov İmran Kamran oğlu ilə ortaq tikinti şirkəti təsis edərək, ticarətlə məşğul olublar. V.Süleymanovun sözlərinə görə, şirkət onun adına olsa da, bank əməliyyatlarını şəriki həyata keçirib.
 
Şikayətçi deyir ki, bir müddət sonra ortağının maliyyə məsələlərində onu aldatdığnı hiss edib. Lakin hər dəfə aşkara çıxarılan məbləğlər kiçik olduğundan, oğurluq faktını üzə vurmamağa çalışıb. Düşünüb ki, qohumu nə vaxtsa öz əməlindən əl çəkər. Lakin bu alicənablıq sonra ona baha başa gəlib.
 
Vasif Süleymanov deyir ki, təxminən 2005-ci ildə Novosibirskdə dəmiryolu relsi istehsal olunan zavodla müqavilə bağlayaraq, böyük bir sexin təmir-tikinti işlərini görməyə başlayıblar. Öncədən tərəflər arasında Rusiya valyutası ilə 10 milyon rublluq (həmin dövr üçün 230 min dollarlıq) müqavilə bağlanıb. Bu vəsaitin 230 min dolları müəyyən zəruru xərclərə sərf olunsa da, 200 min dollar iki nəfər arasında bölünməli olub.
 
V.Süleymanov bildirir ki, tikinti işləri vaxtında başa çatıb, fəhlələrin zəhmət haqqı və digər xərclər şəxsi vəsaiti hesabına ödənildikdən sonra şərikindən zavodun şirkətə ödəməli olduğu 200 min dolları hesaba köçürüb-köçürmədiyini soruşub. İmran Ərgənov cavab verib ki, zavod hələ həmin vəsaiti köçürməyib.
 
Bir neçə gün sonra şəriki yenə pulun köçmədiyini dedikdə, Vasif Süleymanov ondan şübhələnərək, zavodun mühasibi ilə danışıb. Mühasib zavodun şirkətə ödəməli olduğu vəsaitin tam şəkildə 10 gün əvvəl hesaba köçürüldüyünü bildirib.
 
V.Süleymanov şərikindən ona çatan 100 min dolları tələb etdikdə, qarşı tərəf müxtəlif bəhanələr gətirərək, həmin pulu verməkdən imtina edib. Bundan sonra qohumlar arasında qalmaqal olub. Hətta iş o yerə çatıb ki, İmran Ərgənov Vasifin qardaşının üstünə silah da çəkib.
 
“Sonra İmranın böyük qardaşı ilə mənim aramda mübahisə oldu. Bu zaman onu yüngülvari itələdim, çəlimsiz adam idi, gedib divara dəydi, qolu cızıldı. Bu işi böyüdüb, məni axtarışa verdiilər”, - deyən şikayətçi bildirir ki, axtarışa verildikdə Qazaxıstanda olub. Təxminən, ay yarım sonra Qazaxıstandan Rusiyaya qayıdanda xüsusi xidmət orqanlarının əməkdaşları onun saxlayıb. “1 həftə sonra məni bir şərtlə buraxdılar ki, bu adamla işin olmayacaq”, - deyə V.Süleymanov bildirir.
 
Beləliklə, bir müddət sonra İmranın böyük qardaşı Müseyib rəhmətə gedir və onun cənazəsini ölkəyə gətirməli olurlar. Müseyibin də ona təxminən 15 min dollar borcu olduğu üçün Vasif Süleymanov Azərbaycana gəlib, yaxınlarından borcunu istəməyi düşünür. Onun kəndə gəlib borcunu tələb edəcəyini bilən mərhumun yaxınları, o cümlədən qardaşı İmran V.Süleymanovun dayısı vasitəsilə ondan xahiş edir ki, kəndə gəlməsin, yas mərasimini yola verdikdən sonra borcu qaytarılacaq. “Deyiblər ki, mərhumun “yeddisi”ndən sonra oturub araşdırarıq, borcu varsa, veriləcək”, - deyən şikayətçinin sözlərinə görə, Müseyib Ərgənovun 7-si günü ona məlumat gəlir ki, İmran və digər yaxınları kəndi tərk edir. Vasif Süleymanov dərhal bu işdə vasitəçi olan dayısına məlumat verir. Bundan sonra, dayısının müdaxiləsi ilə qarşı tərəf Müseyib Ərgənovun ona borclu olduğu 15 min dolları qaytarmağa məcbur olur. Bu zaman İmran Ərgənovun da ona borclu olmadığı haqda sənəd imzalatmağa çalışırlar. Lakin V.Süleymanov bundan imtina edir: “Dedim ki, mənə qaytarılan 15 min dollar Ərgənov Müseyib Kamran oğlunun borclu olduğu vəsaitdir, İmranın mənə olan 100 min dollar borcu qalır”.
 
Vasif Süleymanov onu da vurğuladı ki, 2-3 ay əvvəl İmran Ərgənovun Bakıya gələcəyini bildikdə, Azərbaycan xüsusi xidmət orqanlarına müraciət edib. Bu müraciətdən təxminən ay yarım sonra o, Türkiyədən Bakıya gələrkən hava limanında saxlanılıb. Lakin, bir neçə saat sorğu-sual edilsə də, borcunu boynuna almayıb və bu səbəbdən də sərbəst buraxılıb. Şikayətçi deyir ki, bu zaman onu üzləşdirməyə belə, ehtiyac görməyiblər.
 
Sonda aidiyyəti qurumlara müraciətə edən Vasif Süleymanov borcunun qaytarılmasına dəstək olmalarını xahiş edir.
 
Hurriyyet.az
Seçilən
136
4
moderator.az

10Mənbələr