Rusiyanın Krasnodar vilayətində polis “TK-Progress” şirkətinin baş direktoru Suren Qriqoryanı saxlayıb.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, o, Müdafiə Nazirliyinə məxsus Krasnodar Ali Hərbi Məktəbinin kursant yataqxanasının yenidən qurulması zamanı 7,2 milyon rubldan çox pul oğurlamaqda şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, erməni sahibkar xüsusilə böyük miqyasda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb. Müstəntiqlərin fikrincə, Rusiya Müdafiə Nazirliyi ali hərbi məktəbin kursantları üçün yataqxananın tikintisinin başa çatdırılması layihəsinin dövlət sifarişçisi kimi çıxış edib. Müqavilə 25 avqust 2020-ci ildə bağlanıb. Bu versiyaya görə, Suren Qriqoryan 2023-cü ildə “qabaqcadan sui-qəsd əsasında fəaliyyət göstərən cinayətkar qrupun tərkibində gördüyü işlər barədə qəbul aktlarına bilərəkdən yalan məlumatlar daxil edib”. O, “TK-Progress” MMC, şirkətin baş direktoru və digər şəxslərin öz mülahizələri ilə sərəncam verdikləri iş üçün 7 milyon rubldan çox pul alıb.
Musavat.com