Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeşti Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün platforma kimi təklif edib. Bu barədə ölkə mətbuatında məlumat yayılıb. Diplomat qeyd edib ki, bu, Macarıstanın bu məsələdə göstərə biləcəyi ən mühüm yardımdır. Bəs, Macarıstan Bakı və İrəvan arasında danışıqlar üçün dialoq məkanı, sülh sazişinin imzalanması üçün platforma ola bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan deputat Naqif Həmzeyev bildirib ki, uzun müddətdir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağli sülh mətninin hazırlanması prosesi həyata keçirilir.
“Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa və prosesləri öz xeyrinə dəyişməyə cəhd edir. Buna baxmayaraq, yaxın gələcəkdə müqavilənin imzalanması qaçılmazdır. Rəsmi Bakı bu məsələdə öz prinsip və mövqelərini ortaya qoyub. 2024-cü ildən başlayaraq Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan kommissiyalar bu yöndə çalışaraq irəliləyə biliblər. İnanırıq ki, sülh sazişinin imzalanmasını gözləmədən yerdə qalan kəndlərin də geri qaytarılmasına başlanacaq. Eyni zamanda kommunikasiyaların açılması məsələsinin sülh anlaşmasından çıxarılması da prosesi bir qədər asanlaşdırıb. Məlum olduğu kimi, artıq Qazaxıstan bu danışıqlarda platforma rolunu oynamaq təklifini irəli sürüb. Və lazımi şəraiti də yaradır. Almatı şəhərində hər iki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub”.
O bildirib ki, Macarıstan tərəfindən irəli sürülən təklif təqdirəlayiqdir.
“Ancaq nəzərə almaq lazımdır ki, Macarıstanın bu proseslərdə iştirakı Azərbaycab tərəfindən müsbət qarşılansa da Erəmənistan bununla bağlı bir açıqlama verməyib. Macarıstanın Azərbaycanla çox yaxın münasibətinin olması, türk dünyasına inteqrasıyası Ermənistanı qıcıqlandırır. Düşünürəm ki, Qazaxıstan həm MDB üzvüdür, həm də təklif etdiyi platforma Azərbaycan üçün uyğundur. Bu variantın daha çox seçilmə imkanı var. Bizim üçün məkan və moderator fərqi olmayıb”,- deputat deyib.
Onun sözlərinə görə, Macarıstan sülh sazişinin imzalanması üçün optimal platformadır.
“Cənubi Qafqazda birlik və bərabərliyin əldə edilməsi üçün proseslər Gürcüstanın paytaxtında da baş verə bilər.
Bunlar məlum olduğu kimi, texniki məsələlərdir. Əsas sülh müqaviləsinin bütün maddələri razılaşdırılsın. İlkin 13 maddədə razılaşdırılmalar var, digər 3 maddədə isə qismən mövcuddur. Hesab edirəm ki, yaxın gələcəkdə sənədi imzalana bilər”,- deyə N.Həmzəyev fikrini yekunlaşdırıb.
Ayşən Rəhim