AZ

Neftin ucuzlaşması Azərbaycana nə vəd edir?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 75,9 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib. Maraqlıdır, dünya bazarında Azərbaycan neftinin sürətlə ucuzlaşmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, dünya birjalarında neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi ABŞ-də noyabrda keçiriləcək prezident sekçilərlə bağlıdır:

“ABŞ-də ənənəvi olaraq prezident seçkiləri ərəfəsində respublikaçılar və demokratlar arasında gedən seçki marafonunun önəmli tezislərdən biri əsas enerji daşıyıcıları, neft və qazın qiymələri olur.

Bu günlərdə ABŞ-də iki əsas namizəd, ABŞ-nin Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris ilə sabiq prezident, respublikaçıların namizədi Donald Tramp arasında debat keçirilib. Bu debatda müzakirə olunan məsələlərdən biri neftin qiyməti olub. Tramp hesab edir ki, Rusiyanı zəiflətmək üçün ilk növbədə neftin qiymətini aşağı salmaq lazımdır. O, açıq şəkildə bəyan edib ki, neftin qiyməti 40 dollar civarında satılarsa, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni davam etdirə bilməyəcək. Eyni zamanda, demokratlar da bu yanaşmanın tərəfdarıdırlar. Bununla yanaşı, OPEK-ə üzv olmayan “OPEC+” ölkələri hasilatı artırmamaq haqqında sentyabrda gözlənilən qərarı da ucuzlaşmanın qarşısını ala bilməyəcək. Bildirim ki, bu gün Avropada alternativ enerji mənbələrinin formalaşdırılması və neftdən asıllığın azadılması istiqamətində ciddi işlər aparılır. Bütün bunların fonunda neftin qiymətində ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırmaq mümkündür. Yaxın zamanda neftin qiyməti daha da aşağı düşəcək”. Ekspertin sözlərinə görə, bu proses Azərbaycana da təsirini göstərəcək.: “Azərbaycan hökuməti, yeni Milli Məclis formallaşdıqdan sonra neftin baza qiymətinə yenidən baxmalı olacaq. Neftin qiyməti ucuzlaşdıqca, gəlirlər azalacaq, xərclər isə artacaq. Qeyd edim ki, 2025-ci ildə neftin kəskin şəkildə ucuzlaşacağının şahidi olacağıq. Buna görə də Azərbaycan hökuməti büdcənin xərclər və gəlirlər hissəsinə düzəlişlər etməlidir. Bu, Azərbaycan üçün yaxşı heç nə vəd etmir”.

Seçilən
126
cebheinfo.az

1Mənbələr