Bakı 21-ci şəhərdir ki, bu oyunlara ev sahibliyi edir
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edir. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-prisi keçirilir. Avtoidmanın zirvəsi sayılan Azərbaycan Qran-Prisini əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər.
Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünyaşöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam, yarış həvəskarlarını Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik, enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.
Yarım milyard tamaşaçı auditoriyası
Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən ölkə olaraq da tanınıb. Müxtəlif məzmunlu tədbirlərin keçirilməsi ölkəmizin sabitlik, əmin-amanlığın hökm sürdüyü diyar olduğunu təsdiqləmiş oldu. İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə döyünməsinə səbəb olub. Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bütün sahələrə olduğu kimi, idmanın inkişafına da xüsusi diqqət və qayğı göstərməsi nəticəsində ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Vurğulamaq yerinə düşər ki, beynəlxalq tədbirlərin, eləcə də, idman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edərək bu oyunların standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medal qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının göstəricisi idi. Daha sonra dünyanın ən məşhur avtomobil yarışları olan "Formula-1" üzrə Qran-Prisini uğurla keçirdi. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. 20 inkişaf etmiş şəhərdə keçirilən "Formula-1" Azərbaycanda yüksək səviyyədə təşkil olunur. Bakı 21-ci şəhərdir ki, bu oyunlara ev sahibliyi edir.
Bakı yarışı həmişə ilin ən yaxşı Qran-Priləri arasında
Məlumdur ki, Bakıda keçirilən "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımlayırlar. Beş yüz milyon televiziya tamaşaçısının Azərbaycan Qran-Prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bilirlər. Yarışların müvəffəqiyyətlə keçirilməsinə Bakı hər zaman tam hazır vəziyyətdə olur. Artıq növbəti "Formula-1" Azərbaycan Qran-Prisi ölkəmizdə kecirilir. "Formula-1" ölkəmizdə həmişə olduğu kimi, yüksək səviyyədə keçiriləcək. Xatırladaq ki, "Formula-1" Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra öz kütləviliyinə görə üçüncü yerdə dayanır.
Yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edir. Bu, çoxsaylı xarici televiziya tamaşaçılarına şəhərin mənzərəsini, tarixi yerlərini görməyə imkan yaradır. Xatırladaq ki, Bakıda ilk dəfə "Formula-1" Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-Priləri arasında yer alır. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratmış olur. Təbii ki, növbəti yarış da uğurla başa çatacaq. Bu dəfə də Bakı dünya tamaşaçılarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini, təşkilatçılıq bacarığını bir daha nümayiş etdirəcək.
Zümrüd BAYRAMOVA