Yasamal raton İcra Başçısı sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün sentyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı Azərbaycan Dövlət Pedaqoji Kollecin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri Alatava məhəlləsinin söküntüsü ilə əlaqədar tikinti şirkəti ilə vətəndaşlar arasındakı ixtilaflar, Çernobıl əlillərinin mənzil növbəsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, mülkiyyətin sənədləşdirilməsi, ticarət obyektlərinin fəaliyyətinin vətəndaşlar üçün yaratdığı problemlər, məşğulluq, qəzalı evlərin təmiri, sosial dəstək və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.