AZ

“İran bunu da inkar edəcək, amma...” - Tehranın Rusiyaya raket verməsi əks-effekt yaradır

İranın Rusiyaya ballistik raketlər verməsi Qərb tərəfdaşlarının Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə vermək qərarını sürətləndirə bilər.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “RBC-Ukrayna”ya şərhində deyib.

O, qeyd edib ki, İran Rusiyaya raket ötürülməsi faktını inkar edir və xatırladıb ki, oxşar vəziyyət “Şahed” PUA-larının verilməsi və Rusiyada onların istehsalı üçün zavodun tikintisində də yaşanıb: “İstənilən dövlət işğalçı ölkəyə bu və ya digər miqdarda silah ötürürsə, beynəlxalq hüququ pozur və İran da anlayır ki, ona qarşı sanksiyalar tətbiq olunacaq. Ona görə də bu məlumatı təkzib edir”.

Podolyak deyib ki, Rusiyanın İrandan Xəzər dənizi üzərindən 120 km-dək məsafəni vuran qısa mənzilli ballistik raketlər alması ilə bağlı faktlar var. Onun fikrincə, bunun İran üçün ciddi nəticələri olacaq. Söhbət ilk növbədə ABŞ və Avropa İttifaqının sanksiyalarından gedir.

Bundan əlavə, Podolyak qeyd edib ki, belə bir vəziyyət Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi zərurəti barədə qərarların qəbulunu sürətləndirəcək və Rusiya Federasiyasının dərinliklərinə endirilən zərbələrə dair bütün qadağaları aradan qaldıracaq.

Qeyd edək ki, sentyabrın 11-də Pentaqon İranın Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü təsdiqləyib. Söhbət “Fath-360” raketlərindən gedir. Pentaqon hesab edir ki, Rusiya onlardan yaxın bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edə bilər.

“AzPolitika.info”

Seçilən
144
azpolitika.info

1Mənbələr