AZ

Erlinq Haland və Fabian Hürtseler - Avqustun ən yaxşıları

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

24 yaşlı norveçli futbolçu avqust ayında İngiltərə çempionatının 3 oyununda 7 qol vurub.

Haland karyerasında üçüncü dəfə bu mükafata layiq görülüb. O, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində də Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 7 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 97 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi də müəyyənləşib. Bu mükafatı “Brayton”un baş məşqçisi Fabian Hürtseler qazanıb.

31 yaşlı alman mütəxəssis bu ilin yayında “Brayton”la müqavilə imzalayıb və Premyer Liqa tarixinin ən gənc baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında avqustda keçirdiyi oyunlarda “Everton”u (3:0) və “Mançester Yunayted”i (2:1) məğlub edib, daha sonra səfərdə “Arsenal”la heç-heçə edib – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
arena.az

10Mənbələr