NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişəyə son qoyulması üçün müəyyən məqamda Rusiya ilə dialoqa yenidən başlamağı vacib hesab edir.
“İki sahil” xəbər verir ki, Stoltenberq bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində deyib.
“Mən hələ də Rusiya ilə müdafiə və çəkindirməyə dair dialoqa inanıram. Biz məzmunlu dialoq aparmaq üçün güclü olmalıyıq”, - deyə NATO-nun Baş katibi bildirib.
O, eyni zamanda, indi bunun üçün imkanların az olduğunu etiraf edərək deyib: “2014-cü illə müqayisədə, bunun üçün demək olar ki, imkanlar tükənib. Lakin bu müharibəyə son qoymaq üçün müəyyən məqamda Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır”.
Yens Stoltenberq NATO-da vəzifəsini başa vurduqdan sonra nə edəcəyi ilə bağlı sualı da cavablandırıb: “Memuar yazmağı düşünürəm. Artıq böyük vəzifələrə can atmıram”.
Qeyd edək ki, bir müddət öncə “Politico” qəzeti Stoltenberqin Münxen Təhlükəsizlik Konfransının yeni sədri olacağını yazmışdı.