Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, əvvəlcə öz motivasiya mənbəyindən danışıb: "Həm futbolçu, həm də məşqçi karyeram olub. Uzun müddətdir ki, bu işlə məşğulam. AFFA-nın prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır".
70 yaşlı mütəxəssis sabahkı oyun haqda da söz açıb: "Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan - Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".
Millimizin baş məşqçisi penalti zərbəsi təyin olduğu halda kimin vuracağını deməyəcəyini bildirib: "Kimin vuracağını bilirəm. Amma bunu indi deməyəcəyəm".
F. Santuş rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu vurğulayıb: "Mənim üçün vacib olan öz komandamdır. Qeyd etdiyim kimi, rəqibin oyunlarına baxmışıq. Görmüşük ki, onlar standart vəziyyətlərdə təhlükəlidir. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdır. Futbolçularım əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar".
O, Emin Mahmudovun "Neftçi"nin heyətində son 3 oyuna çıxmadığına görə heç bir problemin olmadığını qeyd edib: "Ciddi bir problem hiss etməmişəm. Əhval-ruhiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar".
Portuqaliyalı mütəxəssis "Emin Mahmudov əsas heyətdə çıxmasa, kapitan kim olacaq?" sualına belə cavab verib: "Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün".
F. Santuş sözügedən oyun üçün edilən taktiki hazırlıq haqda danışıb: "Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdur. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.
O, Estoniya millisinin zəif rəqib olmadığını vurğulayıb: "Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır".
P.S. Jurnalistlərin Estoniyaya səfəri və mətbuat konfransında iştirakı Misli-nin dəstəyi ilə həyata keçirilib.