Şəki Apellyasiya Məhkəməsində Göyçayda tanışının ölümünə səbəb olmaqda təqsirləndirilən Novruz Mahmudovun dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin hüquqi varisinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs barəsində yeni ittiham hökmü çıxarılıb. Novruz Mahmudovun 3 il müddətinə azadlıqdan mərhumetmə cəzası 4 ilə qaldırılıb.
Qeyd: Hadisə 2023-cü ilin sentyabrında Göyçayda baş verib. Belə ki, Novruz Mahmudov aralarında yaranan mübahisə zamanı Şahsən Yusifovun üz-burun nahiyəsinə ovuc içi ilə bir zərbə vurub. Sonuncu zərbənin təsirindən yıxılıb və ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və orada da dünyasını dəyişib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən Novruz Mahmudovun əməli Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona 3 il müddətinə azadlıqdan mərhumetmə cəzası təyin olunmuşdu.
Kamal Məmmədov