“Bilirsiniz ki, Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə musiqi festivalı keçirilir. Bu festival çərçivəsində Bəstəkarlar İttifaqı olaraq biz də iki tədbir təşkil etmişik. Həm elmi konfransımız, həm də kamera instrumental alətlərin müşayiəti ilə konsertimiz baş tutacaq. Biz çalışırıq ki, bu əsərlərin çoxu gənc bəstəkarların əsərləri olsun. Bu bizim milli bayramımızdır. Musiqimizin bayramıdır. Bundan başqa Mədəniyyət Nazirliyi özü də bir sıra konsertlər təşkil edib ki, bu konsertlərdə də biz yaxından iştirak edəcəyik”
Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.
“Müxtəlif ölkələrdə varlı, imkanlı insanlar var. Onlar görürlər ki, çox istedadlı gənc bəstəkarlar, yazarlar, dirijorlar var. Deyirlər ki, gəl mənə sənə kömək edim. Onlar üçün elə şərait yaradırlar ki, heç bir problemləri olmur. Çünki yaradıcı insanın problemi olmamalıdır. Biz bu faktları görürük. Amma nədənsə bizdə Hacı Zeynalabdin Tağıyevdən sonra bunu edən olmadı. Düzdür dövlətimiz gənclər üçün hər şey edib. Amma bir zəngin insan desin ki, mən sənə kömək edim belə bir şey olmayıb. Mənə sual verirlər ki, Firəngiz xanım, sizə kömək edən olub? Cavabında isə deyirəm ki, bir nəfər çıxıb qabağa desin ki, mən Firəngiz Əlizadəyə 5 manat vermişəm. O mənim üzümə baxsın, mən də onun üzünə. Belə bir şey olmayıb, ola da bilməz. Mənim buna ehtiyacım olmasa da gənclərin buna ehtiyacı var” deyə sədr deyib.
Xalq artisti bildirib ki, musiqişünaslar sanballı məqalələr yazıb, araşdırma etməlidirlər.
“Bizim sözümüz keçərli olsaydı çox şeylər dəyişə bilərdi. Bizim əvvəllər Bəstəkarlar İttifaqı olaraq sözümüz daha kəsərli idi. Biz çox danışırıq, yazırıq, konfranslar keçiririk. Bizim musiqişünaslarımız nədənsə fəal deyirlər. Mən onlara bunu dəfələrlə demişəm. Musiqişünaslar fəal olmalı, daha kəskin məqalələr yazmalıdırlar. Onlar hələ facebookda bəzi postlar paylaşmaqla kifayətlənirlər. Facebookda bir neçə post paylaşmaqla musiqişünaslıq inkişaf edə bilməz. Bunların hamısı çox böyük məsələlərdir. Bizim imkanlarımız geniş deyil. Təəssüf ki, ziyalılar da bir-birlərini dəstəkləmir, birlik göstərmir. Ziyalılar öz həmkarlarının ünvanına heç bir dənə də gözəl söz demirlər. Bu hal məni çox üzür” deyə bəstəkar deyib.