Paşinyan hökumətinin əsas məqsədi respublikanın mövcud sərhədlərini, yəni 29 min kv.km. ərazini qoruyub saxlamaqdır
“Nəticədə Ermənistan həm Azərbaycanla əlaqələr qursun, həm də regional əməkdaşlığa qoşulsun. Bu isə Bakını Zəngəzur dəhlizi və Qərbi Azərbaycan iddialarından vaz keçməyə məcbur etmək cəhdləridir”
Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Stefan Sejurne ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib: “Biz tam razılaşdırılmış mətni ehtiva edən son sənədləri təhvil vermişik. Razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq: Ölkələrin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı müqaviləni, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri tanıyan Almatı Bəyannaməsini”. Qeyd edək ki, Mirzoyan ötən gün sülh sazişində razılaşdırılmayan bəndləri də sadalayıb. Bəlli olub ki, İrəvan tərəfi sazişdə tərəflərin ərazi bütövlüyünün rəqəmlə göstərilməsini istəyir. Yəni tərəflər sənəddə Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 600 kvadrat kilometr ərazisini tanıdığını və bu şərtlər daxilində bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə yazmalıdırlar. Digər razılaşdırılmamış prinsiplərdən biri regional kommunikasiyaların açılmasıdır. Bildirilib ki, Azərbaycan məsələyə dəhliz məntiqi ilə baxdığından razılaşma əldə olunmayıb. Növbəti məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olan məsələdir. Ermənistan istəyir ki, müqavilədə delimitasiya prosesinin aparılacağı, yaxud Ermənistanın sərhədləri müəyyənləşəcək hüquqi sənəd dəqiq göstərilsin. Qeyd edək ki, demarkasiya və delimitasiya ilə bağlı müddəa faktiki olaraq müqavilədən çıxarılsa da, əsasnamə imzalansa da, tərəflərin imzaladığı əsasnamədə heç bir xəritə təsbit olunmayıb. Tbilisidə gürcü həmkarı ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan isə deyib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra bilib: “Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarının imzalanmasını, diplomatik münasibətlərin qurulmasını və yaxın vaxtlarda müzakirələrin davam etdirilməsini təklif etmişik”. Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var: “Əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan yox, həm də Gürcüstan, Türkiyə və İran olacaq”.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Paşinyan hökumətini narahat edən əsas məqam Ermənistan sərhədlərinin Bakı tərəfindən rəsmən tanınmasıdır. Ekspertin sözlərinə görə, Paşinyan hökumətinin əsas vəzifəsi respublikanın mövcud sərhədlərini, yəni 29 min kv.km. ərazini qoruyub saxlamaqdır:
"İrəvan hökuməti çalışır ki, mövcud razılaşmalar çərçivəsində ilkin sənəd imzalansın. Nəticədə Ermənistan həm Azərbaycanla əlaqələr qursun, həm də regional əməkdaşlığa qoşulsun. Bu isə Bakını Zəngəzur dəhlizi və Qərbi Azərbaycan iddialarından vaz keçməyə məcbur etmək cəhdləridir. İrəvan özünü zəif hiss etdiyi məsələləri aradan qaldırmaq, mövqelərini gücləndirmək niyyətindədir. Əlbəttə, belə yanaşma Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Çünki Ermənistan Konstitusiyasında açıq-aşkar Qarabağa iddia var. Ermənistan rəhbərliyinin şifahi şəkildə "Azərbaycan ərazilərini tanıyırıq" söyləməsi əhəmiyyətsizdir. Çünki Paşinyan vaxtı ilə "Qarabağ Ermənistandır, nöqtə" deyirdi, müharibədən sonra dedi ki, "Qarabağ Azərbaycandır". Təbii ki, sabah başqa söz deyə bilər. Arxayın ola bilmərik".
Ə.Məmmədli vurğulayıb ki, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə də ərazi iddiaları ilə çıxış edir: "Gerblərində Ağrı dağının əksi var, konstitusiyada Türkiyənin 6 vilayətinə iddia durur. İrəvan bunlardan imtina etməyənədək Bakı və Ankara ilə əlaqələrin qurulması, normal qonşuluq münasibətləri qeyri-mümkündür. Ermənistan verilən möhlətdən düzgün yararlanmalıdır".