Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimat mərasimində bu ilin sonuna qədər ölkədə vətəndaşlara göstərilən xidmətlərin 15 faizinin rəqəmsal formaya keçirilməsi hədəflənir.
Nazir müavininin sözlərinə görə, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilir, sadə vətəndaşlar və iş adamları üçün informasiya və xidmətləri əlçatan edir. Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Rəqəmsal hökumətin quruculuğu dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur. Bu istiqamətdə dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə "Digital Bridge" – Milli Məlumat Mübadiləsi sistemi təqdim olunur.
S.Məmmədov bildirib ki, milli məlumat mübadiləsi sistemi keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla dövlət qurumları arasında sürətli məlumat mübadiləsini gerçəkləşdirir. Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilir. “Digital Bridge” üzərindən aparılan məlumat tranzaksiyasının sayı isə önəmli irəliləyiş əldə edərək 1 milyardı keçir.
Nazir müavini hesab edir ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanda dayanıqlı rəqəmsal, innovativ həllərin təşviqi və həyata keçirməsi mühüm önəm daşıyır: “Xüsusilə rəqəmsal hökumət quruculuğunda Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir. Rəqəmsal Sənəd Dövriyyəsindən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli altqurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1 700-dən çox qurum inteqrasiya olunub.