Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi fərqli fikir və düşüncəyə malik bütün insanları Azərbaycan dövlətinin çətiri altında tam birləşdirdi ki, bu da siyasi həmrəyliyin və birliyin ən ali zirvəsi, kulminasiya nöqtəsi demək idi
Vətən müharibəsi vətəndaşların sadəcə gündəlik yaşamına deyil, onların siyasi dünyagörüşünə, mədəniyyətinə, sosial və siyasi fəallığına da ciddi təsir göstərdi. Müharibənin elə ilk günündən dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşən Azərbaycan xalqı, onun hər bir fərdi qələbə uğrunda qeyri-adi mütəşəkkillik və həmrəylik sərgilədi. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruğa çevrildi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Təsadüfi deyil ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Ordusunun hər bir əsgəri, zabiti İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq sərgilədi. Bu əməliyyata “Dəmir yumruq” adının verilməsi, qələbəyə addımlayan əsgərlərimizin, o cümlədən xalqımızın yumruq kimi birləşdiyinin göstəricisi oldu. Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir: “Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik”.
Özü ilə birlikdə yeni reallıqlar gətirən bu haqq savaşının doğurduğu tələblərdən biri də ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların hadisə və proseslərə daha həssas yanaşması, siyasi mədəniyyət və sosial fəallıqlarını artırması ilə bağlı idi. Vətən müharibəsinin siyasi mədəniyyət və birlik adına ən önəmli nüanslarından biri siyasi baxışından asılı olmayaraq, bütün partiyaların dövlətimiz və ordumuz ətrafında sıx birləşməsi, Prezident İlham Əliyevlə açıq həmrəylik sərgiləməsi oldu. Bu mövqe müxalif siyasi düşüncəyə malik vətəndaşların davranışlarında da öz əksini tapdı. Hər kəs bütün imkanları ilə ordu və onun Ali Baş Komandanı ilə həmrəyliyini ortaya qoydu, dövlətimizin hər bir addımını dəstəklədiklərini bildirdi. Sadəcə media nümayəndələri deyil, hər bir sosial şəbəkə istifadəçisi paylaşdığı informasiyada yalnız rəsmi dövlət qurumlarının məlumatlarına istinad etdi ki, bu da dezinformasiyaların meydana çıxmasına, ictimai rəydə fikir çaşqınlığının yaranmasına imkan vermədi. Habelə, ordu hissələrinin hərəkət istiqaməti, cəbhə zonasında hərbi texnikaların yerdəyişmələri, şəhid və yaralılarla bağlı informasiyaların mediaya, o cümlədən sosial şəbəkələrdə işıqlandırılmasına təşəbbüs göstərilmədi. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin həyatı və təhlükəsizliyi baxımından təhdid təşkil edəcək heç bir informasiya ictimaiyyiləşdirilmədi. Sadəcə əlaqədar dövlət qurumları deyil, bütün sosial şəbəkə istifadəçiləri, media nümayəndələri informasiya resurslarında düşmən təxribatlarının qarşısının alınmasında fəal iştirak etdilər. Bir sözlə, Vətən müharibəsi Azərbaycan insanının kifayət qədər yüksək olan siyasi mədəniyyətinin daha da inkişaf etməsinə, mahiyyət etibarilə yeni mərhələyə yüksəlməsinə təkan verdi. Müharibə fərqli fikir və düşüncəyə malik bütün insanları Azərbaycan dövlətinin çətiri altında tam birləşdirdi ki, bu da siyasi həmrəyliyin və birliyin ən ali zirvəsi, onun kulminasiya nöqtəsi demək idi.
Vətən müharibəsi sadəcə ölkə daxilində deyil, xaricdəki soydaşlarımız arasında da siyasi birliyin və fəallığın artmasına səbəb oldu. Müharibə dönəmində dünyanın müxtəlif dövlətlərində, o cümlədən ABŞ və Avropada yaşayan soydaşlarımız Azərbaycan dövlətinin haqq işinə dəstək, eləcə də erməni faşizminin cinayətlərini ifşa baxımından ciddi fəaliyyət ortaya qoydular.
Məlumdur ki, Azərbaycan Ordusuna hərb meydanında məğlub olan, öz ölü və yaralılarını döyüş meydanında atıb qaçan Ermənistan ordusu əks-hücumu əngəlləmək üçün yaşayış məntəqlərimizi raket zərbələrinə məruz qoydu. Tərtər, Gəncə, Bərdə, Mingəçevir və s. kimi şəhərlərə beynəlxalq hüquqla qadağan edilmiş raketlər atan erməni faşizminin bu vəhşilini xaricdəki soydaşlarımız, o cümlədən diaspor təşkilatlarlarımız tərəfindən uğurla ifşa edildi. Dünyanın diqqətini erməni vəhşiliyinə, günahsız insanların qətlinə cəlb etmək məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər, dövlət qurumları qarşısında aksiyalar keçirən xaricdəki soydaşlarımız, bununla erməni mediasının böhtan xarakterli məlumatlarının ifşa edilməsində yaxından iştirak etdilər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm uğurlara imza atdılar. İstər ölkə daxilində, istərsə də xaricdəki soydaşarımızın ortaya qoyduğu siyasi mədəniyyət onların birgə fəaliyətini təmin etdi, hər bir azərbaycanlının qələbə uğrunda birliyini stimullaşdırdı.
Prezident İlham Əliyevin müharibənin gedişi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı Prezident-xalq-ordu birliyinin, həmrəyliyinin, həmçinin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Suala cavabında Müzəffər Ali Baş Komandan bildirdi ki, ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: “Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”
Bu gün də Prezident İlham Əliyevin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edir. Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz hər zamanki kimi, qırılmaz, dönməz və əbədidir. 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində öz sözünü deyəcək.
Sevinc Azadi, “İki sahil”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta